MÜSAHİBƏ

15 May

Prezident İlham Əliyev hüquqi şəffaflığın artırılmasına yönəlmiş qanun dəyişikliklərini təsdiqlədi

Finss.az - Prezident İlham Əliyev Milli Məclisin 11 aprel 2025-ci il tarixində qəbul etdiyi Vergi Məcəlləsinə və daha 10 qanuna dəyişiklikləri təsdiqləyib.

Təsdiqlənən qanunvericilik paketi hüquqi şəxslərin şəffaflığı və benefisiar mülkiyyətçilərə dair məlumatların idarə olunması sahəsində beynəlxalq standartlara uyğunlaşdırmanı hədəfləyir.

Dəyişikliklər aşağıdakı qanunları əhatə edir:

“Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında”.

Qanun dəyişikliyi, Prezident İlham Əliyevin 28 fevral 2023-cü il tarixli sərəncamı ilə təsdiqlənmiş "2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı"nın 8.4.1-ci yarımbəndinə uyğun olaraq hazırlanıb. Sözügedən bənd, benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasının yaradılmasını nəzərdə tutur.

Yeni hüquqi mexanizmlər beynəlxalq maliyyə nəzarəti orqanı olan FATF-in (Maliyyə Tədbirləri üzrə İşçi Qrupu) 24-cü və 25-ci Tövsiyələrinə əsaslanır. Bu tövsiyələr hüquqi şəxslərin və təsisatların benefisiar mülkiyyətçilərinin şəffaf şəkildə müəyyənləşdirilməsini və məlumatların ölkə üzrə reyestrə daxil edilməsini tələb edir.

Qanunvericiliyə edilən dəyişikliklər aşağıdakı əsas istiqamətləri əhatə edir:

  • Hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı benefisiar mülkiyyətçilərə dair məlumat və sənədlərin təqdim olunması;

  • Maliyyə institutlarının lisenziyalaşdırılması zamanı xarici hüquqi təsisatlara dair əlavə məlumatların təqdim edilməsi;

  • Benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasının yaradılması;

  • Bu məlumatların maliyyə monitorinqi orqanı tərəfindən yoxlanılması.

Qanunun qüvvəyə minməsi nəticəsində hüquqi şəxslərin benefisiar mülkiyyətçilərinə dair dəqiq və yenilənmiş məlumatların toplandığı vahid məlumat bazası formalaşdırılacaq. Bu addım həm şəffaflığın artırılması, həm də cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin effektivliyinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.