Konsaltinq sektoru dinamikliyi və mürəkkəbliyi ilə seçilir. Bu sahədə fəaliyyət göstərən şirkətlər və mütəxəssislər bir sıra çətinliklərlə qarşılaşır və davamlı uğur qazanmaq üçün strateji yanaşmalara ehtiyac duyurlar.
Bu barədə “Consulting Group” MMC-nin həmtəsisçisi və iqtisadçı Elçin Əkbərov Finss.az-a açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, konsaltinq sahəsində ən çox qarşılaşılan problemlərdən biri müştəri gözləntilərinin düzgün idarə olunmamasıdır. Müştərilər çox zaman tez və effektiv nəticələr istəyirlər, lakin bu gözləntilər bəzən real imkanları üstələyir. Bu isə əməkdaşlıqda narazılıqlara gətirib çıxarır. E.Əkbərov bildirib ki, bu kimi halların qarşısını almaq üçün xidmətlərin çərçivəsi və nəticələri əvvəlcədən dəqiq müəyyənləşdirilməli, aydın və davamlı kommunikasiya təmin olunmalıdır.
Digər mühüm çağırış isə daim dəyişən bazar və tənzimləmə tələbləridir. Onun fikrincə, rəqabətdə geri qalmamaq üçün konsaltinq şirkətləri bazar trendlərini izləməli, qanunvericilik və texnoloji yeniliklərə vaxtında uyğunlaşmalıdır. Komandanın davamlı təlimlərə cəlb olunması və biliklərin yenilənməsi burada mühüm rol oynayır.
E.Əkbərov dempinq məsələsinə də toxunub. O, bu halın həm sifarişçiyə, həm icraçıya, həm də keyfiyyətli xidmət göstərən rəqiblərə zərər vurduğunu bildirib. Onun sözlərinə görə, bu risklərin qarşısını almaq üçün müqavilə şərtləri əvvəlcədən dəqiq razılaşdırılmalı, ödəniş mərhələli şəkildə həyata keçirilməli və icra prosesi daim nəzarətdə saxlanılmalıdır.
Müştəri məlumatlarının məxfiliyinə də xüsusi diqqət çəkən iqtisadçı vurğulayıb ki, bu məsələdə zəiflik konsaltinq şirkətinin həm nüfuzuna, həm də hüquqi vəziyyətinə ciddi zərbə vura bilər. Buna görə də kibertəhlükəsizlik tədbirləri, məlumatların şifrələnməsi, məxfilik müqavilələri və təhlükəsiz kommunikasiya kanalları vacibdir.
Layihələrin effektiv idarə olunması da sektorda uğurun əsas açarlarından biridir. Əkbərov qeyd edir ki, çevik idarəetmə metodologiyaları – Agile, Lean, Scrum – layihələrin daha səmərəli və şəffaf şəkildə icrasına imkan yaradır. Hər mərhələdə müştəriyə hesabat verilməsi və onların rəylərinin nəzərə alınması da vacibdir.
Nəhayət, E.Əkbərov rəqabətli bazara uyğunlaşmaq üçün şirkətlərin xidmətlərini fərqləndirməsinin və innovativ yanaşmalar tətbiq etməsinin əhəmiyyətini vurğulayıb. O, xüsusilə niş bazarlara yönəlməyin, ixtisaslaşmanın və fərdi yanaşmanın bu istiqamətdə mühüm rol oynadığını bildirib.
Nəticə etibarilə, konsaltinq sektorunda davamlı uğur qazanmaq üçün şirkətlər çevik, müasir və müştəriyönümlü yanaşmanı əsas strategiyaya çevirməli, mövcud problemləri qabaqlayıb həll etmək üçün proaktiv davranmalıdır.
Fuad Mədətov
Finss.az