MÜSAHİBƏ

29 Aprel

QHT-lər iqlim, feyk xəbərlər və əməkdaşlıq məsələlərini müzakirə etdi

Finss.az - Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi gələcəkdə də həm Qlobal Cənub ölkələrinin, həm də Azərbaycanın yerli QHT-ləri ilə sıx əməkdaşlığı davam etdirməyi planlaşdırır.

Bu barədə Agentliyin icraçı direktoru Aygün Əliyeva jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Agentlik Qlobal Cənubda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təşəbbüs və ideyələrinin dəstəklənməsini gələcək qrant müsabiqələrinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirəcək:

“Tədbir maraqlı və məhsuldar müzakirələrlə yadda qaldı. Qlobal Cənub QHT-ləri iqlim dəyişiklikləri ilə mübarizə, D-8 formatında əməkdaşlıq, feyk xəbərlərlə mübarizə kimi aktual mövzularda fikir mübadiləsi apardılar. Artıq müzakirələrin son günündəyik və bu çərçivədə bir sıra mühüm əməkdaşlıq sənədləri imzalanıb.”

Aygün Əliyeva qeyd edib ki, Agentlik Çin və Özbəkistanın QHT-ləri ilə əməkdaşlıq memorandumu imzalayıb. Bundan əlavə, Azərbaycanın yerli QHT-ləri yeddi xarici QHT ilə anlaşma memorandumu imzalamağa nail olublar.

O, yaradılan yeni platformanın BMT və digər beynəlxalq təşkilatlar səviyyəsində Qlobal Cənub xalqlarının səsini dünyaya çatdırmaq baxımından əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.

Agentliyin rəhbəri eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına ünvanladığı müraciətə də toxunub:

“Cənab Prezidentin müraciəti, bir tərəfdən, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyinin davamı, digər tərəfdən isə ölkəmizdə vətəndaş cəmiyyətinə olan yüksək etimadın və inamın göstəricisidir”.