MÜSAHİBƏ

24 Aprel

Özəlləşdirmə və icarədən büdcəyə 50 milyon manat daxil olub

Finss.az - Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar-mart ayları ərzində ölkədə 11 hərrac keçirilib.

Qurumdan bildiriblər ki, hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi və 223 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu ilin yanvar–mart ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 71 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 12 onlayn qoşulma reallaşıb.

Dövlət Xidmətinin məlumatına əsasən, 2025-ci ilin birinci rübündə özəlləşdirmədən dövlət büdcəsinə 40,3 milyon manat vəsait daxil olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 87,9 faiz çoxdur.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin birinci rübündə 137-si qeyri-yaşayış, 847-si isə torpaq sahələri üzrə olmaqla 984 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 10,4 milyon manat vəsaitin ödənilməsi təmin olunub. Bu sahədə ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artım qeydə alınıb.

Beləliklə, 2025-ci ilin yanvar–mart ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə, ümumilikdə, 50,7 milyon manat vəsait daxil olub. Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 65,2 faiz çoxdur.