2024-cü ildə Norveçin Azərbaycan iqtisadiyyatına yatırdığı birbaşa xarici investisiyaların həcmi 136,7 milyon ABŞ dolları təşkil edib.
Finss.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı (AMB) yayıb.
Məlumata görə, bu göstərici 2023-cü illə müqayisədə 15,5 milyon ABŞ dolları və ya 10,2% azalma deməkdir. Norveçdən gələn investisiyaların ümumi birbaşa xarici investisiyalarda payı isə 1,9% olub.
Ötən il Azərbaycan da Norveç iqtisadiyyatına 7 milyon ABŞ dolları həcmində birbaşa xarici investisiya yönəldib. Bu, əvvəlki illə müqayisədə xeyli artım deməkdir – 2023-cü ildə bu göstərici cəmi 1 min ABŞ dolları təşkil edirdi. Beləliklə, Norveçə yatırılan Azərbaycan investisiyalarının ümumi payı 0,4% olub.
2024-cü ildə Azərbaycan iqtisadiyyatına cəlb edilən ümumi birbaşa xarici investisiyalar 7 milyard ABŞ dollarını ötüb. Bu, 2023-cü ilə nisbətən 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.
Digər tərəfdən, Azərbaycandan xarici ölkələrə yönəldilmiş birbaşa xarici investisiyalar 1,8 milyard ABŞ dolları təşkil edib. Bu isə 2023-cü illə müqayisədə 1,4 milyard ABŞ dolları və ya 43,3% azalma ilə müşahidə olunub.
Fuad Mədətov
Finss.az