MÜSAHİBƏ

22 Aprel

Brendlər yox, artıq mağazalar qərar verir

Finss.az - ABŞ-da istehlakçılar hər il qablaşdırılmış qida məhsulları, içkilər və gündəlik tələbat mallarına 1,5 trilyon dollardan çox vəsait xərcləyirlər.

Bu tendensiya Walmart və Costco kimi iri pərakəndə satış şəbəkələrinin bazar payını artıraraq, onları sektorun əsas qaliblərinə çevirib. Bu barədə nüfuzlu Bernstein broker şirkətinin araşdırmasında bildirilir.

Şirkətin hesabatına əsasən, istehlak malları istehsalçıları ilə pərakəndə satış şirkətləri arasında güc balansı dəyişməkdədir və bu dəyişiklik böyük pərakəndəçilərin xeyrinə baş verir. Hazırda istehlakçı xərclərinin təxminən 40%-i xammal və logistika təminatçılarına, qalan 60%-i isə istehsalçılar (35%) və pərakəndəçilər (25%) arasında bölüşdürülür. Lakin bu nisbət pərakəndəçilərin xeyrinə dəyişməkdədir.

Son 15 ildə pərakəndəçilər bazar paylarını 34%-dən 38%-ə qədər artırıblar. Bernstein bu artımı pərakəndəçilərin miqyas üstünlüyü, təchizatçılarla danışıqlardakı möhkəm mövqeyi və özəl etiketli məhsulların genişlənməsi ilə izah edir.

Araşdırmaya görə, topdansatış klubları və kütləvi pərakəndə satış zəncirləri qiymət üstünlüyü əldə edərək bu qənaəti istehlakçılara ötürürlər. Belə ki, eyni məhsullardan ibarət istehlak səbətləri bu kanallarda digər satış növlərinə nisbətən 3%-dən 27%-ə qədər daha ucuz başa gəlir.

Bernstein-in qiymətləndirməsinə görə, Walmart və Costco qiymət siyasətində liderlik və təchizatçılarla danışıqlarda üstün mövqeləri sayəsində bazar payını artırmaq baxımından ən yaxşı vəziyyətdə olan şirkətlərdir.

Eyni zamanda, xüsusilə emal olunmuş məhsullar istehsal edən ərzaq istehsalçıları azalan mənfəət marjaları və zəifləyən qiymət üstünlüyü ilə qarşı-qarşıyadır. Bu şirkətlər pərakəndəçilərin konsolidasiyası, sağlam həyat tərzinə yönəlmiş istehlak tendensiyaları, rəqib brendlərin artması və rəqəmsallaşma səbəbindən təzyiq altındadırlar.

Böyük ərzaq brendləri isə bazar payını həm özəl etiketli məhsullara, həm də daha sağlam alternativlər təklif edən yeni oyunçulara uduzmaq riski ilə üzləşirlər.