MÜSAHİBƏ

18 Aprel

Abu-Dabi Fond Birjası ilə əməkdaşlıq Azərbaycanın kapital bazarını genişləndirəcək - Ruslan Xəlilov

Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi Fond Birjasına məxsus Tabadul Rəqəmsal Platformasına qoşulmaq üçün hüquqi və texniki baza hazırlıq işlərinə başlanılıb.

Finss.az xəbər verir ki, bu barədə Bakı Fond Birjası QSC-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov açıqlama verib.

R.Xəlilov bildirib ki, bu strateji əməkdaşlıq Azərbaycanın kapital bazarını regional və beynəlxalq likvidlik mənbələrinə yaxınlaşdıracaq:

"Həmçinin, Ərəb körfəzi ölkələri və qonşu regionlarla sərhədlərarası qiymətli kağız ticarətinin həyata keçirilməsinə şərait yaradacaq və beynəlxalq investorlar üçün Azərbaycan kapital bazarına çıxış imkanları açacaq".

O əlavə edib ki, Bakı Fond Birjasının strateji inkişaf təşəbbüsləri çərçivəsində, texnoloji və rəqəmsal həllərin dəstəklənməsi məqsədilə sistem diaqnostikası aparılıb:

"Ticarət sisteminin təkmilləşdirilməsi və bazar iştirakçılarının texnoloji sistemlərinə inteqrasiyasının sürətləndirilməsi üçün xüsusi tədbirlər planı hazırlanaraq artıq icrasına başlanılıb".

Fuad Mədətov
Finss.az