MÜSAHİBƏ

18 Aprel

Bakıda sığorta müraciətləri 70%-i keçdi – Leysanın yaratdığı fəsadlar açıqlandı

15-16 aprel tarixlərində ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi və normadan artıq yağan intensiv yağışlar nəticəsində bir sıra hadisələr baş verib. Bu hadisələr sığortalanmış avtonəqliyyat vasitələri, daşınar və daşınmaz əmlaklara ciddi ziyan vurub.

Finss.az xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) məlumat verilib.

8 sığorta şirkətinə 769 müraciət daxil olub

ASA-nın bildirdiyinə görə, yerli sığorta bazarı iştirakçılarından bu günə qədər əldə edilən son məlumatlara əsasən, baş vermiş hadisələrlə bağlı 8 sığorta şirkətinə ümumilikdə 769 müraciət daxil olub. Müraciətlərin bölgüsü aşağıdakı kimidir:

  • 512 müraciət – Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası
  • 157 müraciət – Daşınmaz əmlakın icbari sığortası
  • 77 müraciət – Kasko sığortası
  • 21 müraciət – Əmlakın yanğından və digər risklərdən sığortası
  • Hər biri üzrə 1 müraciət – Fərdi qəza sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası

Zərər həcmi 1 milyon manatı keçə bilər

Sığorta şirkətlərindən əldə edilən məlumata əsasən, 294 hadisə üzrə ilkin zərər məbləği 241 030 manat təşkil edir. Qalan 475 hadisə üzrə isə zərərin qiymətləndirilməsi prosesi davam edir. Hazırda bütün müraciətlər hadisələrin tənzimlənməsi və qiymətləndirilməsi mərhələsindədir. Sığorta hadisəsi kimi tanınan hallara görə ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur.

Assosiasiya qeyd edir ki, qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləğinin 1 milyon manatdan çox olacağı gözlənilir.

Ən çox zərər Bakıda qeydə alınıb

Məlumatda həmçinin bildirilir ki, müraciətlərin 70%-i Bakıda, 30%-i isə ölkənin digər bölgələrində qeydə alınıb.