MÜSAHİBƏ

14 Aprel

Azərbaycanda sığorta bazarı yeni reallıqlara cavab verə bilmir – Ləman Babayeva

Azərbaycanda sığorta bazarı sürətlə dəyişən iqtisadi və sosial reallıqlara uyğunlaşmaqda çətinlik çəkir. Bu sahədə fəaliyyət göstərən ekspertlər mövcud sığorta məhsullarının bazarın aktual tələblərinə cavab vermədiyini bildirirlər.

Sığorta eksperti və www.umidsigorta.az onlayn platformasının təsisçisi Ləman Babayeva, Finss.az-a açıqlamasında qeyd edib ki, sığorta şirkətləri hələ də əsasən standart və klassik məhsullarla bazara çıxır, halbuki istehlakçıların ehtiyacları artıq fərqli və daha çevik həllər tələb edir.

L.Babayeva vurğulayıb ki, sığorta şirkətlərinin məhsul kataloquna baxdıqda, əsasən klassik növlər – icbari avtomobil sığortası, əmlak sığortası, kasko və digər ənənəvi məhsullar üstünlük təşkil edir. Halbuki, bu klassik məhsullar daxilində belə daha fərdiləşdirilmiş variantlar – məsələn, kiçik kasko paketləri, icbariyə əlavə təminatlar kimi modellər yaradılmasına baxmayaraq, bu yanaşma çox yayılmayıb və bütün şirkətlərin portfelində belə məhsullar mövcud deyil.

Sığorta proseslərində müşahidə olunan əsas problemlərdən biri də operativliyin olmamasıdır. L.Babayeva bildirib ki, bəzi məhsullar üzrə sənədləşmə və müqavilə imzalanması bir neçə gün çəkir ki, bu da müasir dövrdə müştəriləri qane etmir:

"Rəqəmsallaşmanın bu qədər inkişaf etdiyi bir dövrdə, bir müqavilənin bağlanması üçün 2-3 gün vaxt itirmək müştəridə sığortaya qarşı mənfi münasibət yaradır."

O, müqayisə edərək bildirib ki, insanlar bəzən yarım saat ərzində kredit alırlar, amma kiçik məbləğli sığorta müqaviləsini əldə etmək üçün xeyli vaxt və enerji sərf edirlər. Bu uyğunsuzluq sığorta şirkətlərinin diqqət mərkəzində olmalıdır.

Ekspert, sığorta haqlarında baş verən artımı da tənqid edib. Onun sözlərinə görə, əlavə indekslərin tətbiqi nəticəsində sığorta haqları artsa da, bu artım təminatların genişlənməsi ilə müşayiət olunmayıb:

“Əslində, qiymət artımı ilə təminat dəyişiklikləri paralel getməli idi. Əks halda, bu, müştəri üçün haqsızlıq kimi qəbul olunur.”

Bazarda fərdi yanaşmaya əsaslanan məhsulların olmaması da problemlərdən biridir. L.Babayeva qeyd edib ki, hazırda demək olar ki, bütün müştərilərə eyni şərtlərlə standart paketlər təklif olunur. Halbuki dinamik paketlər, yəni müştərinin istəklərinə uyğun tərtib olunan məhsullar təqdim edilsə, bazarda yenilənmiş yanaşma formalaşa bilər.

L.Babayeva yekun olaraq bildirib ki, yeni və çeşidli məhsulların yaradılması, rəqəmsal və operativ xidmətlərin təmin olunması olmadan sığorta sektorunun bazar tələblərinə cavab verməsi real görünmür. Əgər şirkətlər bu istiqamətdə islahatlar aparmasa, bazarın dinamik tələbləri ilə mövcud məhsullar arasında uçurum dərinləşəcək

Fuad Mədətov
Finss.az