Bu ilin ilk rübündə Azərbaycanda gündəlik xam neft hasilatı orta hesabla 480 min barel təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% artım deməkdir.
Bu barədə Finss.az ABŞ Energetika Nazirliyinin tabeliyindəki Energetika İnformasiyası Administrasiyasının (EIA) hesabatına istinadən məlumat yayıb.
Qeyd olunub ki, 2024-cü ilin birinci rübündə bu göstərici 470 min barel səviyyəsində idi.
Hesabatda həmçinin bildirilib ki, 2024-cü il üzrə ümumilikdə gündəlik hasilat da 480 min barel səviyyəsində qeydə alınıb. Bu isə 2025-ci ilin ilk aylarında hasilat tempinin ötən ilə uyğun şəkildə davam etdiyini göstərir.
Daha geniş miqyasda baxdıqda, "OPEC+" ölkələri üzrə gündəlik neft hasilatı orta hesabla 35,43 milyon barel təşkil edib:
- Bunun 21,41 milyon bareli OPEC üzvlərinə,
- 14,01 milyon bareli isə qeyri-OPEC ölkələrinə aiddir.
Müqayisə üçün, ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 36,3 milyon, 21,63 milyon və 14,66 milyon barel olub.
Xatırladaq ki, Azərbaycan da "OPEC+" razılaşmasının iştirakçısıdır və təşkilat çərçivəsində hasilatın tənzimlənməsində üzərinə öhdəliklər götürüb. İndi isə gündəlik hasilatın sabit şəkildə artması, ölkənin enerji sektorunun bərpa tempini nümayiş etdirir.
Fuad Mədətov
Finss.az