2025-ci ilin ilk üç ayında Azərbaycanın iqtisadiyyatına yönəldilən investisiyalarda azalma müşahidə olunub.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu dövrdə əsas kapitala yatırılan investisiyaların ümumi məbləği 3 milyard 467,7 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,1% azalma deməkdir.
Əsasən neft-qaz sektoru üzrə sərmayələrdə ciddi geriləmə müşahidə olunub — bu sahəyə yönələn investisiyalar ötən ilin ilk rübü ilə müqayisədə 24,2% azalıb. Qeyri-neft sektoruna yatırımlar da bu tendensiyadan kənarda qalmayıb – 2,4% geriləmə baş verib.
İnvestisiyaların əsas istiqamətləri belə bölünüb:
- Məhsul istehsalı sahələrinə – 1 milyard 814,6 milyon manat (ümumi investisiyaların 52,3%-i),
- Xidmət sahələrinə – 970,2 milyon manat (28,0%),
- Yaşayış evlərinin tikintisinə – 682,9 milyon manat (19,7%).
Diqqətçəkən məqamlardan biri də daxili mənbələrdən maliyyələşmənin üstünlük təşkil etməsidir: əsas kapitala yatırılan sərmayələrin 72,6%-i (2 milyard 519 milyon manat) məhz daxili investisiyalar olub.
Eyni zamanda, investisiyaların 77,7%-i (2 milyard 693,5 milyon manat) birbaşa tikinti-quraşdırma işlərinə yönəldilib ki, bu da ölkədə infrastruktur layihələrinin hələ də iqtisadi fəallığın əsas aparıcı qüvvələrindən biri olduğunu göstərir.
Fuad Mədətov
Finss.az