Azərbaycanda həm dövlət qurumlarında, həm də özəl biznes sektorunda biznes konsaltinq xidmətlərinə olan maraq son illərdə əhəmiyyətli dərəcədə artmaqdadır.
Bu barədə "Consulting Group" MMC-nin həmtəsisçisi və iqtisadçı Elçin Əkbərov Finss.az-a açıqlamasında məlumat verib.
Onun sözlərinə görə, dövlət qurumları, əsasən, strateji idarəetmə, maliyyə məsləhətləri və audit xidmətləri üçün konsaltinq şirkətlərinin dəstəyindən istifadə edirlər:
"Böyük bizneslər isə risklərin idarə olunması, beynəlxalq standartlara uyğunlaşma, vergi planlaşdırılması və hüquqi çərçivələrin təkmilləşdirilməsi məqsədilə konsaltinq xidmətlərinə müraciət edirlər".
E.Əkbərov qeyd edib ki, Kiçik və Orta Bizneslər (KOB-lar) üçün isə biznes konsaltinqin rolu daha da əhəmiyyətlidir. Onlar əsasən dövlət dəstəyi mexanizmlərindən yararlanmaq, gündəlik maliyyə və mühasibatlıq sahələrində dəstək almaq, biznes planlar hazırlamaq və bazar araşdırmaları aparmaq üçün bu xidmətlərə ehtiyac duyurlar:
"Lakin müşahidələr göstərir ki, KOB-ların konsaltinq xidmətlərindən istifadəsi hələ də istənilən səviyyədə deyil və bu, əsasən onların maliyyə resurslarının məhdudluğu və konsaltinq xidmətlərinin faydaları haqqında kifayət qədər məlumatlı olmamaları ilə bağlıdır".
Azərbaycan Bazasında Biznes Konsaltinq Sahəsində Əsas Trendlər
- Startaplar üçün Konsaltinq
- Startap ekosisteminin inkişafı ilə bu sahədə konsaltinq xidmətlərinə tələbat artmaqdadır. Əsas problemlərdən biri, investorların startaplara asanlıqla daxil olması və çıxması ilə bağlı hüquqi mexanizmlərin qeyri-müəyyənliyidir. Ölkədə startap şəhadətnaməsi və vergi güzəştləri kimi alətlər mövcud olsa da, investorların və startapların işini asanlaşdıran xüsusi tənzimləyici qanunvericilik hələ tam formalaşmayıb.
- KOB-lar üçün Konsaltinq
- Sahibkarlarla aparılan görüşlərdə onların dövlət dəstəyi proqramları barədə məlumatlılığının aşağı olduğu müşahidə edilir və bu istiqamətdə maarifləndirmə işlərinin genişləndirilməsinə ehtiyac var. Sahibkarlara bu proqramlar haqqında məlumat verildikdə, onlar böyük maraqla faydalanmağa çalışırlar.
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) üzrə Konsaltinq
- Son illərdə bizneslər əməyin təhlükəsizliyi, ekoloji tələblər və işçilərin sağlamlığı ilə bağlı konsaltinq xidmətlərinə daha çox maraq göstərirlər. Xüsusilə istehsalat və tikinti sektorlarında SƏTƏM tələblərinə riayət olunması vacib olduğundan bu sahədə konsaltinq xidmətlərinə ehtiyac artmaqdadır.
- Rəqəmsallaşma və İT Konsaltinqi
- Şirkətlər süni intellekt, avtomatlaşdırma və bulud texnologiyalarına keçid etməyə çalışırlar. Rəqəmsallaşmanın biznes proseslərə inteqrasiyası şirkətlərin effektivliyini artırsa da, bu keçidin uğurlu olması üçün İT konsaltinq xidmətlərinə ehtiyac yaranır. Mühasibatlıq sahəsində ERP (Enterprise Resource Planning – Müəssisə Resurs Planlaması), elektron mühasibatlıq və digər rəqəmsal həllərin tətbiqi müəssisələrə maliyyə axınlarını daha effektiv idarə etməyə imkan verir.
- Vergi və Maliyyə Konsaltinqi
- Vergi qanunvericiliyinin dəyişməsi, şəffaflığın artması və kölgə iqtisadiyyatının məhdudlaşdırılması ilə bu sahəyə olan ehtiyac artır. Bir müddət əvvələ qədər vergi qanunvericiliyi daha sadə olsa da, artıq fərqli və effektiv qanunlar tətbiq olunur. Bu sahədə biliyi olan şəxslər hələ də öz işlərini edə bilərlər, amma daha müasir və professional yanaşma tələb olunur.
- Sertifikatlaşdırma və Beynəlxalq Standartlara Uyğunlaşma üzrə Konsaltinq
- Şirkətlər ISO, Organic (Bio), Global GAP, HACCP kimi beynəlxalq standartları tətbiq etmək üçün məsləhətçilərlə işləyirlər. Bu sertifikasiyalar qida, proses və insan sağlamlığı keyfiyyətini dəstəkləyərək, qlobal səviyyədə tanınır və bizneslər ixrac imkanlarını genişləndirmək üçün böyük əhəmiyyət kəsb edir, xüsusilə aqrar məhsullar üçün ənənəvi hesab olunan bazarlara alternativlər hazırlamağa kömək edir.
Azərbaycanda biznes konsaltinq sahəsinin inkişafı, həm dövlət, həm də özəl sektorda daha güclü bir iqtisadi mühitin yaradılmasına töhfə verəcək. Bu sahə, xüsusən də startaplar, KOB-lar və digər kiçik və orta müəssisələr üçün əhəmiyyətli imkanlar təqdim edir.
Fuad Mədətov
Finss.az