MÜSAHİBƏ

08 Aprel

Biznes məsləhətlərində süni intellekt və data analitikası önə çıxır - Elçin Əkbərov

Texnologiya müasir dövrdə biznes konsaltinqinin əsas alətlərindən birinə çevrilib. Bu sahədə tətbiq olunan innovativ həllər şirkətlərin daha operativ, effektiv və dayanıqlı fəaliyyətinə zəmin yaradır.

Bunu Finss.az-a açıqlamasında “Consulting Group” MMC-nin həmtəsisçisi və iqtisadçı Elçin Əkbərov bildirib.

Ekspertin sözlərinə görə, texnologiyanın konsaltinq sahəsində əsas tətbiq sahələri aşağıdakılardır:

İT və rəqəmsal transformasiya

Rəqəmsallaşma artıq seçim deyil, zərurətə çevrilib. McKinsey Global Institute-un məlumatına əsasən, rəqəmsal transformasiya strategiyasına sahib olan şirkətlər rəqibləri ilə müqayisədə 23% daha yüksək gəlir əldə edirlər.

Bu istiqamətdə tətbiq olunan texnologiyalara aşağıdakılar daxildir:

  • Avtomatlaşdırma həlləri: ERP sistemləri, mühasibat proqramları, chatbot-lar vasitəsilə əməliyyatların optimallaşdırılması.
  • Bulud texnologiyaları və süni intellekt: Operativlik və çevik idarəetmə imkanı yaradır.
  • Kibertəhlükəsizlik strategiyaları: İT sistemlərinin qorunması, məlumat təhlükəsizliyi və risk analizləri.

Data analitikası və süni intellekt

Forbes-in araşdırmasına görə, data əsaslı qərarlar qəbul edən şirkətlər rəqiblərindən 19% daha gəlirli olur. Strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatların təhlili sayəsində şirkətlər:

  • Müştəri davranışlarını daha dəqiq analiz edə,
  • Bazar tendensiyalarını müəyyənləşdirə,
  • Satış və xərcləri optimallaşdıra bilirlər.

Süni intellekt bu prosesə avtomatlaşdırma və intellektual analiz imkanı qataraq qərarvermə prosesinin ayrılmaz hissəsinə çevrilir.

Çevik və uzaqdan konsaltinq xidmətləri

COVID-19 pandemiyasından sonra çevik və distant konsaltinq xidmətləri daha çox populyarlıq qazanıb. McKinsey-nin hesabatına görə, pandemiyadan sonra şirkətlərin 70%-dən çoxu distant məsləhət xidmətlərindən istifadə etməyə başlayıb.

Əkbərovun sözlərinə görə, bu istiqamətdə əsas xidmətlər bunlardır:

  • Onlayn konsultasiyalar – videokonfrans və messencerlər vasitəsilə real vaxtda dəstək.
  • SaaS, ERP, CRM əsaslı konsaltinq həlləri – avtomatlaşdırılmış audit, vergi optimallaşdırması və maliyyə təhlili.
  • Freelance platformaları – mütəxəssislərin qlobal bazarda müxtəlif şirkətlərlə işləməsi.
  • Layihə idarəetmə proqramları – operativ koordinasiya və proses izləmə imkanı.

Ekspert vurğulayıb ki, texnologiyanın biznes konsaltinqində bu şəkildə tətbiqi şirkətlərin rəqabət qabiliyyətini artırmaqla yanaşı, daha çevik və informasiya əsaslı qərarlar qəbul etməsinə şərait yaradır.

Fuad Mədətov
Finss.az