MÜSAHİBƏ

08 Aprel

Güzəştli kreditlər kənd təsərrüfatının inkişafına dəstək məqsədi daşıyır - Ruslan Zeynal

Bu gün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən fermerlərə təqdim olunan dövlət dəstəyi mexanizmləri – subsidiyalar və güzəştli şərtlərlə aqrar kreditlərin verilməsi ölkə üzrə məhsuldarlığın artmasına və aqrar sahənin inkişafına mühüm töhfə verir.

Bu barədə Finss.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) mətbuat katibi Ruslan Zeynal məlumat verib.

Onun sözlərinə görə, AKİA olaraq əsas məqsəd kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən fermerlərin inkişafına dəstək verməkdir:

“Bu istiqamətdə fermerlər üçün güzəştli kredit imkanları mövcuddur. Agentlik tərəfindən fermerlərə iki əsas istiqamətdə güzəştlər təklif olunur – kənd təsərrüfatı texnikaları və istehsal vasitələrinin alınması, həmçinin nağd kreditlər formasında dəstək.”

Texnika və istehsal vasitələri üzrə dəstək

R.Zeynal bildirib ki, fermerlər istehsal vasitələrinin alınması üçün müvafiq sənədlərlə müvəkkil kredit təşkilatlarına (bank və BOKT-lar) müraciət etdikdə, AKİA tərəfindən bu müraciətlər operativ şəkildə qiymətləndirilir və uyğun olduqda güzəştlər tətbiq olunur. Güzəşt tətbiq edilən texnikaların siyahısı akia.gov.az saytında yerləşdirilib.

Kreditlərin şərtləri və üstünlükləri

Agentlik nümayəndəsinin sözlərinə görə, AKİA tərəfindən təqdim olunan kreditlərin əsas üstünlükləri aşağı faiz dərəcələri və güzəşt müddətləridir:

  • Mikrokreditlər – Məbləği: 15.000 manatadək, müddət: 3 il, illik faiz: maksimum 12%. İlk 1 il güzəşt müddətidir və bu dövrdə yalnız faiz ödənilir.
  • Aşağı faizli kreditlər – Faiz dərəcəsi: 7%, maksimal məbləğ: 200.000 manat, müddət: 5 il, güzəşt müddəti: 24 ayadək.
  • Bağçılıq sahəsi üzrə kreditlər – Müddət: 6 ilədək, güzəşt müddəti: 36 ayadək.
  • Kooperativlər üçün kreditlər – Faiz dərəcəsi: 5%-dək müəyyən edilib.

Texnika və avadanlıq üçün faizsiz dəstək

AKİA rəsmisi qeyd edib ki, kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq və suvarma sistemlərinin alınmasının maliyyələşdirilməsi üçün ayrılan kredit və ya lizinq məbləği 1 milyon manata qədər, müddəti isə 5 ilədəkdir. Bu vəsaitə görə hesablanan faizlər dövlət tərəfindən subsidiyalaşdırılır:

  • İlkin ödəniş – satış dəyərinin minimum 20%-i,
  • Güzəşt hissəsi – gömrük və ya qiymətləndirilmiş dəyərin 40%-i,
  • Qalıq 40% – faizsiz kredit və ya lizinq formasında banklar tərəfindən maliyyələşdirilir.

Damazlıq heyvanlara dəstək

R.Zeynal əlavə edib ki, AKİA fermerlərə damazlıq heyvanların alınması istiqamətində də maliyyə dəstəyi göstərir. Bu zaman güzəşt məbləği dəyərin 60%-ni, ilkin ödəniş isə satış dəyərinin minimum 25%-ni təşkil edir. Qalan 15% kredit formasında təmin olunur.

Müraciət mexanizmi və kredit yarmarkaları

Fermerlər kreditlərə müraciət üçün akia.gov.az saytında müvəkkil kredit təşkilatlarının siyahısı ilə tanış ola və birbaşa onlara müraciət edə bilərlər. Əlbəttə ki, tələb olunan sənədlərin təqdim edilməsi və fəaliyyət istiqamətlərinin kredit şərtlərinə uyğunluğu vacibdir.

Qeyd edək ki, fermerlərin maarifləndirilməsi məqsədilə bölgələrdə təşkil olunan Aqrar Biznes Festivalları çərçivəsində "Kredit yarmarkaları" keçirilir. Bu tədbirlərdə dövlət və özəl sektora aid maliyyə qurumları, o cümlədən banklar, bank olmayan kredit təşkilatları və sığorta şirkətlərinin nümayəndələri iştirak edir. Panel müzakirələrdə aqrar kreditlərin əlçatanlığı və dövlətin maliyyə mexanizmləri barədə geniş məlumat verilir, fermerlərin sualları birbaşa cavablandırılır.

Fuad Mədətov
Finss.az