MÜSAHİBƏ

25 Mart

Bakı Limanında yük dövriyyəsi artaraq 7,6 milyon tona çatıb

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC üzrə 2024-cü ildə ümumi yükaşırmanın həcmi 2023-cü illə nisbətən 3,2% artaraq 7,6 milyon ton təşkil edib və ümumi yükaşırmanın 5,3 milyon tonu və ya 70,1%-i tranzit yüklərin payına düşüb.

Finss.az bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabata istinadən xəbər verir.

Məlumata görə, hesabat ilində vaqon aşırılması 0,2% artaraq 37,5 min ədəd təşkil edib. Vaqonların 23,1 min ədədi və ya 61,5%-i Bakı-Türkmənbaşı-Bakı, 14,4 min ədədi və ya 38,5%-i isə Bakı-Kurık/Aktau-Bakı istiqamətində hərəkət edib.

İrihəcmli nəqliyyat vasitələrinin (TIR) sayı 2023-cü illə nisbətən 7,2% artaraq 58,2 min ədəd təşkil edib, bu nəqliyyat vasitələrinin 29,4 min ədədi (50,5%-i) Bakı-Türkmənbaşı-Bakı, 28,8 min ədədi (49,5%-i) isə Bakı-Kurık-Bakı istiqamətində daşınıb.

Hesabat dövründə konteynerlərin aşırılması TEU ekvivalentində 2023-cü illə müqayisədə 73,4% artaraq 76,8 min ədəd təşkil edib.

2024-cü ildə Dübəndi Neft Terminalında xam neft və neft məhsullarının aşırılması 2023-cü illə nisbətən 13,8% azalaraq ümumi həcmi 1,8 milyon ton olub. Ümumi Yük Terminalında 2024-cü ildə quru yüklərin aşırılmasında 2023-cü illə müqayisədə 0,4% artım olub və 1 044 min ton təşkil edib.

Hesabat ilində Limanın gəlirləri 7% artaraq 53,8 milyon manat təşkil edib və bu göstərici beynəlxalq audit şirkətinin müvafiq təhlillərinə əsasən son 3 ildə 25% artıb.

2024-cü ildə Liman tərəfindən dövlət büdcəsinə ümumilikdə 13,85 milyon manat məbləğində vəsait ödənilib.