Ölkə ərazisində ictimai və inzibati binalarda məskunlaşmış məcburi köçkünlər tərəfindən istifadə edilən içməli su, təbii qaz və elektrik enerjisi sərfiyyatına, eləcə də çirkab suların axıdılması və məişət tullantılarının daşınmasına görə il ərzində dövlət büdcəsindən ümumilikdə 18925,8 min manat vəsait kommunal xidmət təşkilatlarının hesabına köçürülüb.
Finss.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin martın 14-də keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.
Hesabatda bildirilib ki, sıx məskunlaşma obyektlərində və mövcud məcburi köçkün qəsəbələrində elektrik enerjisi verilişinin və içməli su təminatının dayanıqlığının təmin edilməsi məqsədilə qabaqlayıcı tədbir olaraq 2024-cü ildə 8119,8 mln. manat dəyərində 122 dəst kabinəli transformator, 634 dəst artezian nasosu, 151.8 min metr müxtəlif markalı kabel və naqil, 2 ədəd ayırıcı-avtomat alınaraq tələbat yerlərinə çatdırılıb, həmçinin zəruri inzibati binalara 1850 reys su (19,5 min ton) daşınıb.
2024-cü ildə məcburi köçkünlərin məişət problemlərinin həlli məqsədilə 2853,8 min manat məbləğində vəsait hesabına onların məskunlaşdıqları 101 obyekt üzrə 31,9 min kv.metr yumşaq, 45,5 min kv.metr isə rəngli metal dam örtüyü dəyişdirilib, ağır şəraitdə yaşayan 6 ailənin, baş vermiş yanğın nəticəsində yararsız hala düşmüş 8 ailənin mənzilində təmir işləri həyata keçirilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan qəsəbə və yaşayış komplekslərində hesabat ilində 374 mənzil və ya fərdi ev təmir edilib, aztəminatlı məcburi köçkün ailələrinə il ərzində 12,4 min ədəd yataq dəsti, məcburi köçkün ailələrinin övladlarına müəyyən yaş qrupları üzrə 7,4 min dəst məktəbli forması və 9,4 min ədəd üst qış geyimi paylanılıb.