MÜSAHİBƏ

22 Mart

Ötən il 1,9 min məcburi köçkün ailəsi evlə təmin edilib: Geri dönüş prosesi və müavinətlər

63 şəhər və rayon ərazisində məskunlaşmış və ilkin mərhələdə salınması nəzərdə tutulmuş yaşayış məntəqələri üzrə 104,9 min nəfərdən ibarət 30,4 min məcburi köçkün ailəsi arasında geri dönüşə dair sorğular həyata keçirilib.

Finss.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin martın 14-də keçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, dövlət ehtiyaclarının qarşılanması və digər yaranmış zərurətlərlə əlaqədar, eləcə də şəxsi müraciətlər əsasında 491 ailə (2 163 nəfər) Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan mövcud qəsəbə və yaşayış komplekslərində üzrsüz səbəblərdən yaşayış olmayan və ya işğaldan azad olunmuş ərazilərə köçlə bağlı təhvil alınmış evlər hesabına, həmçinin Yevlax rayonundakı kotteclərdə, Abşeron rayonu “Şəfəq” yaşayış kompleksində yaşayış sahəsi ilə təmin edilib.

2024-cü il ərzində işğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlər də daxil olmaqla cəmi 1 920 məcburi köçkün ailəsi (7 705 nəfər) mənzillə (evlə) təmin olunub.

Hesabat dövrünün sonuna vahid aylıq müavinət alan keçmiş məcburi köçkünlərin sayı 408,4 min nəfər təşkil edib ki, bunlardan da 50,2 min nəfər 33,0 manat, 358,2 min nəfər isə 60,0 manat alanlardır. Bu məqsədlə dövlət büdcəsindən məcburi köçkünlərə ümumilikdə 287207,7 min manat (o cümlədən 919,1 min manat bank xərcləri) məbləğində vəsait xərclənib. İl ərzində məcburi köçkünlərin siyahılarında mütəmadi olaraq aparılmış dürüstləşmələr nəticəsində müavinət alanların sayı 39,1 min nəfər azalıb ki, bunun da 31 min nəfəri təmas xəttinə yaxın olan ərazilərin payına düşür.