Finss.az - Əksər hallarda hüquqi şəxsin təsisçisi ilə direktoru fərqli şəxslər olur və onlar arasında münasibətlər əmək müqaviləsi və qanunvericiliyin digər tələbələri ilə tənzimlənir.
Bəzi hallarda isə təsisçi və direktor eyni şəxs olur. Bəs bu zaman əmək münasibətləri necə tənzimlənməlidir? Direktorla əmək müqaviləsi bağlamaq olarmı?
Mövzu ilə bağlı “vergiler.az”ın suallarına insan resurları üzrə ekspert Ramin Hacıyev aydınlıq gətirir:
2025-ci ilin 19 fevral tarixində Azərbaycan Respublikası Konsitusiya Məhkəməsinin Plenum iclasında Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin Mülki Məcəllənin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb və aşağıdakı qərar qəbul edilib:
- Azərbaycan Respublikası Konstitusiyasının 15-ci və 59-cu maddələrindən, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələrindən, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsindən irəli gələrək hüquqi şəxslə hüquqi şəxsin idarəetmə orqanı arasında yaranan münasibətlər əsasən mülki hüquqi xarakterli olmaqla mülki qanunvericiliyin müvafiq normaları ilə tənzimlənsə də hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərində olan icra orqanının rəhbəri arasında əmək müqaviləsi rəsmiləşdirilməlidir.
- Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş müqavilə anlayışı iki və ya daha çox tərəfin qarşılıqlı iradə ifadəsini nəzərdə tutduğundan, hüquqi şəxsin təsisçisi ilə icra orqanının rəhbəri eyni şəxs olduqda hər hansı müqavilə münasibətləri yaranmamaqla həmin şəxsin icra orqanının rəhbəri vəzifəsinə təyin edilməsi müvafiq qərarla rəsmiləşdirilməlidir.
Qərardan da göründüyü kimi, hüquqi şəxsin təsisçisi ilə icra orqanının rəhbəri (qanuni təmsilçi) fərqli şəxslər olduqda, icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə tərəflər arasında əmək münasibətləri əmək müqaviləsi bağlanmaqla rəsmiləşdirilməlidir.
Digər hal hüquqi şəxsin təsisçi ilə icra orqanının rəhbəri eyni şəxs olduqda rəsmiləşdirilmənin qaydasından bəhs edir. Belə ki, qərarda qeyd olunan tələbə görə, hüquqi şəxsin təsisçisi və icra orqanın rəhbəri (direktor, baş direktor) eyni şəxs olduqda, əmək müqaviləsi bağlanmadan həmin vəzifəyə təyin edilməsi müvafiq qərarla rəsmiləşdirilir.
Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinin tələbinə əsasən, həmin maddənin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlanılır. Hüquqi şəxsin təsisçisi ilə icra orqanının rəhbəri arasında elektron əmək müqaviləsinin ƏMAS-da bağlanılması prosesi üçün ilk növbədə təsisçiyə istifadə səlahiyyətləri verilməlidir. Bunun üçün ƏMAS-da “İstifadəçi səlahiyyətləri” bölməsindən “İstifadəçi səlahiyyətlərinin verilməsi” hissəsində şəxsiyyət vəsiqəsinin məlumatları daxil edilir. Sonra isə əmək müqaviləsi bağlanılır və sonda əmək müqaviləsini imzalayacaq səlahiyyətli şəxs təsisçi seçilərək, proses yekunlaşdırılır.
Xatırladaq ki, Konstitusiya Məhkəməsinin bu qərarı dərc edildiyi gündən - 05.03.2025-ci il tarixdən qüvvəyə minib.