Finss.az - Bu ilin yanvar-fevral ayları ərzində Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərindən yararlanmış layihələrin 99,6 faizi, kredit məbləğinin isə 65,8 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aid olub.
Fondun məlumatına görə, hesabat dövrində kredit sayının sahibkarlıq subyektləri üzrə bölgüsündə 97,4 faiz mikro, 1,3 faiz kiçik, 0,9 faiz orta sahibkarlıq subyektlərinin payına düşüb.
Güzəştli kredit məbləğinin sahibkarlıq subyektləri üzrə bölgüsündə isə mikro sahibkarlıq subyektlərinin payı 55,9 faiz, kiçik sahibkarlıq subyektlərinin payı 4,8 faiz, orta sahibkarlıq subyektlərinin payı isə 5,1 faiz təşkil edib.
Xatırladaq ki, cari ilin ilk iki ayında Fond tərəfindən 547 layihənin maliyyələşdirilməsinə 32,1 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər hesabına 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.

