MÜSAHİBƏ

19 Mart

"S&P Global Ratings" Rusiya-Ukrayna razılaşmasının Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün təsirlərini açıqlayıb

“SP Global Ratings” beynəlxalq reytinq agentliyi mümkün Rusiya-Ukrayna razılaşmasının Azərbaycan və Mərkəzi Asiya, Cənubi Qafqaz ölkələri üçün iqtisadi təsirlərini açıqlayıb.

Finss.az xəbər verir ki, agentlik, xüsusilə Rusiyadan pul köçürmələrinin azalmasını əsas təsirlərdən biri kimi qeyd edib.

2022-ci ildə, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Özbəkistan, Gürcüstan, Azərbaycan, Qazaxıstan, Ermənistan və Tacikistan kimi ölkələrə edilən pul və bank köçürmələrinin kəskin artması, bu ölkələrin cari hesab balanslarını orta hesabla 6,5 faiz bəndi yaxşılaşdırıb. Azərbaycan və Qazaxıstan üçün bu yaxşılaşma həm də neft qiymətlərinin artması ilə əlaqədar olub. Lakin 2023-cü ildə, bankların daha sərt uyğunluq tələbləri və Rusiya vəsaitlərinin digər yurisdiksiyalara yönləndirilməsi səbəbindən bu təsirin əksəriyyəti tərsinə çevrilib.

SP Global Ratings qeyd edir ki, ticarət axınlarının dəyişməsi, xüsusən Rusiyaya qarşı sanksiyaların yumşalmasının vaxtı və dərəcəsindən asılı olacaq. Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra, Avropa ölkələrinin Rusiyaya ixrac etdiyi məhsulların əhəmiyyətli bir hissəsi Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə yönləndirilib. Lakin bu ölkələrin cari hesab balansına təsiri ümumilikdə neytral olub, çünki yüksek əlavə dəyərli idxal malları yenidən Rusiyaya ixrac edilib.

Bununla belə, Qazaxıstan üçün 2024-cü ildə, daha sərt sanksiyalar və daxili uyğunluq tələbləri səbəbindən, ticarət axınlarında ciddi azalma baş verib. Lakin uzunmüddətli perspektivdə, nəqliyyat və logistika, ticarət xidmətləri və yerli istehsala yönəldilən investisiyaların artması, hətta Rusiyaya ticarət axınları azalsa belə, region ölkələri üçün iqtisadi faydalar təmin edəcək.

Sonda, SP uzunmüddətli inkişafın, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların və region ölkələrinin yerli bazarlarına investisiyaların yönləndirilməsinin müsbət təsirini davam etdirəcəyini proqnozlaşdırır.