Finss.az - Mərkəzi Bank tərəfindən maliyyə sektorunda dayanıqlı maliyyə və ekoloji, sosial və idarəetmə (ESİ) prinsiplərinin tətbiq vəziyyətini qiymətləndirmək məqsədilə aparılan illik sorğunun nəticələri açıqlanıb.
Sorğu banklar, sığorta və investisiya şirkətlərini əhatə edib və ümumilikdə 49 maliyyə institutunun iştirakı ilə keçirilib.
Sorğunun nəticələrinə əsasən, maliyyə institutlarının 80%-dən çoxu iqlim dəyişiklikləri və ESİ risklərinin idarə edilməsinin əhəmiyyətini orta və yüksək səviyyədə qiymətləndirib. Bu göstərici sektorun dayanıqlı maliyyə prinsiplərinə marağının və məlumatlılığının artdığını nümayiş etdirir.
Maliyyə institutları iqlim dəyişikliklərinin və ESİ risklərinin təsirlərini qısa, orta və uzunmüddətli perspektivlər üzrə fərqli qiymətləndiriblər. Qısa müddətdə təsirlər aşağı səviyyədə dəyərləndirilsə də, uzunmüddətli dövrdə risklərin əhəmiyyətli olacağı gözlənilir. Belə ki, uzunmüddətli dövrdə maliyyə institutlarının 35%-i bu risklərin yüksək təsir göstərə biləcəyini bildirib.
Sorğunun nəticələri göstərir ki, dayanıqlı maliyyə və ESİ prinsiplərinin tətbiqi istiqamətində əsas çətinliklər kadr potensialının yetərsizliyi və məlumatlılığın aşağı olması ilə bağlıdır. Bununla yanaşı, dayanıqlı maliyyə məhsullarına və xidmətlərinə olan tələbin məhdudluğu da sektorun inkişafına maneə kimi qalmaqdadır.
Bank sektoru ESİ prinsiplərinin tətbiqi baxımından daha irəlidədir. Bankların 70%-dən çoxu Mərkəzi Bankın 2023-2026-cı illəri əhatə edən Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsinə uyğunluq planları hazırlayıb və ESİ amillərini kredit və qeyri-kredit məhsullarına inteqrasiya edib. Eyni zamanda, şəffaflıq və hesabatlılıq sahəsində də əhəmiyyətli addımlar atılıb.
Sığorta sektoru hələlik uyğunlaşmanın ilkin mərhələsindədir. Sorğuda iştirak etmiş sığorta şirkətlərinin əksəriyyəti Yol Xəritəsinə uyğun fəaliyyət planına malik deyil. İnvestisiya şirkətlərində isə ESİ prinsiplərinin tətbiqi sahəsində irəliləyiş daha zəifdir. Bununla belə, bəzi şirkətlərin dayanıqlılıqla bağlı qiymətli kağızların emissiyasına maraq göstərməsi müsbət addım kimi qeyd edilir.



Sorğunun yekun nəticələri dayanıqlı maliyyə ekosisteminin tam formalaşması üçün sektor iştirakçılarının daha fəal inteqrasiyasının zəruri olduğunu ortaya qoyur. Nəticələr, həmçinin, Mərkəzi Bankın dayanıqlı maliyyənin inkişafına dair siyasətinin formalaşdırılmasında nəzərə alınacaq və ictimaiyyətin məlumatlandırılması məqsədilə açıqlanıb.