MÜSAHİBƏ

11 İyul

“Moody’s” beynəlxalq reytinq agentliyi: Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir

Xarici bazarlara rəqabətqabiliyyətli məhsullarla çıxış, qlobal məkanda cərəyan edən sosial-iqtisadi proseslərdə aktiv iştirak və bütün bunların kontekstində milli maraqların müdafiə olunması müasir dövrdə ayrı-ayrı dövlətlərin mövcudluğunun və davamlı inkişafının zəruri şərtinə çevrilib. Əmtəə və xidmətlərin asan hərəkətliliyi, qlobal məkanda baş verən dəyişikliklərə çevik uyğunlaşmaq və bu hərəkətlilikdə bir mövqe sahibi olmaq dövlətlərə müəyyən üstünlüklər gətirir, dividendlər vəd edir. “Moody's” beynəlxalq reytinq agentliyinin sonuncu hesabatını şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov bildirib ki, nəqliyyat dəhlizləri və əlaqələri müasir dinamik tərəqqinin lokomotivi kimi çıxış edir. Bu mənada Azərbaycan Respublikası coğrafi mövqeyindən və həyata keçirilən düşünülmüş siyasətdən qaynaqlanan bir sıra üstünlüklərə malikdir.

Fins.az xəbər verir ki, Aqil Əsədov xatırladıb ki, ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi və uzun illər öncədən, təqribən 1998-ci ildən planlı və məqsədli şəkildə həyata keçirilən proqram və layihələr nəticəsində milli nəqliyyat sistemi, neft sektorundan sonra, ən çox dividend vəd edən sahədir. Məhz, 1998-ci ildə Bakı şəhərində “Böyük İpək Yolu”nun bərpasına həsr edilmiş beynəlxalq konfransın keçirilməsi ilə start verilmiş silsilə tədbirlər nəticəsində Azərbaycan Respublikası Avropa və Asiya arasında mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməkdədir. Mövcud vəziyyət dövlət başçısının qəbul etdiyi qərarların tarixi rolunu ortaya qoyur və ölkəmizdə illər öncədən başlayaraq həyata keçirilən tədbirlərin əhəmiyyətini bir daha ifadə edir. 

İİTKM-in şöbə müdiri qeyd edib ki, iyulun 6-da Prezident İlham Əliyevin təşəbbüsü ilə Şuşada “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda təşkil edilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşündə səslənən fikirlər də Orta Dəhlizin perspektivlərinin daha yüksək olduğunu göstərir. Zirvə görüşündə imzalanan “Qarabağ Bəyannaməsi”ndə Avropa-Türkiyə-Cənubi Qafqaz-Mərkəzi Asiya-Çini birləşdirən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu regional inteqrasiyanı gücləndirmək, nəqliyyat əməliyyatlarını, gömrük prosedurlarını optimallaşdırmaq və sürətli rəqəmsallaşmanı təmin etmək üçün üzv dövlətlər arasında əməkdaşlığın daha da artırmağa xidmət edir. Sənəddə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi, türk dövlətlərində bərpaolunan geniş enerji potensialı, Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsi layihəsi və digər çoxsaylı məsələlər yer alıb ki, bu da nəqliyyat-logistika HUB-ı kimi Azərbaycanın imkanlarını, üstünlüklərini ifadə edir.

Orta Dəhlizin sosial-iqtisadi və strateji əhəmiyyəti haqqında nüfuzlu beynəlxalq təşkilatların açıqlamaları, hesabatları da qeyd edilənləri bir daha təsdiq edir. Orta Dəhlizin əhəmiyyəti və perspektivləri hələ 2023-cü ilin noyabr ayının sonlarında Dünya Bankının “Middle Trade and Transport Corridor: Policies and Investments to Triple Freight Volumes and Halve Travel Time by 2030” adlı hesabatında geniş şərh edilib. Bu günlərdə isə dəhlizin region üçün strateji rolu “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında bir daha vurğulanıb. Hesabatda qeyd edilir ki, Avropa və Asiya arasında mühüm nəqliyyat qovşağı kimi Orta Dəhlizin artan nüfuzu iqtisadi perspektivlərə təkan verir və bunun təsiri zaman keçdikcə hiss olunacaq.

Aqil Əsədov şərh edib ki, Çin və Aİ arasında əhəmiyyətli ticarət marşrutu olan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizində artan fəallıq region ölkələrinin iqtisadiyyatların şaxələndirilməsinə öz dəstəyini göstərəcək. Öz növbəsində, daha böyük və diversifikasiya olunmuş nəqliyyat və logistika sektoru Azərbaycanın xarici və daxili şoklara qarşı dayanıqlılığını artıracaq, investisiya və kredit profilini gücləndirəcək.

“Moody’s” Beynəlxalq reytinq agentliyi də qeyd edir ki, işğaldan azad edilmiş bölgələrdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, yenidənqurma səyləri iqtisadi perspektivləri daha da gücləndirir. Magistral yollar, hava limanları kimi nəqliyyat obyektlərindən tutmuş aqropark, sənaye parkları və s. istehsal obyektlərinə qədər genişmiqyaslı layihələrdə müxtəlif xarici sərmayədarların iştirak etdiyi bu bölgələrdə hazırda əhəmiyyətli kapital qoyuluşları və tikinti işləri aparılır. Hökumətin yüksək rəqəmsallaşdırılmış, xalis sıfır karbon emissiyalı zona yaratmaq strategiyası xarici investorların marağını xüsusilə cəlb edir. 

İİTKM-in şöbə müdiri əlavə edib ki, Orta Dəhliz yalnız daşıma marşrutu deyil, həm də iqtisadiyyatın şaxələndirilməsinə, investisiya cəlbediciliyinə təkan verən bir lokomotivdir. Ən əsası, 1 trilyon ABŞ dollarından çox ÜDM-i olan türk dövlətlərini birləşdirən bir layihə olaraq xalqların rifahının yüksəldilməsinə xidmət edən dəyər zənciridir.