Xarici ticarətdəki bu nəticə iqtisadi inkişafın göstəricisidir
Dünyada baş verən məlum geosiyasi proseslərin qlobal iqtisadiyyata mənfi təsiri davam edir. Dövlətlərin bir-birlərinə qarşılıqlı sanksiyaları qlobal ticarət zəncirində qırılmalara səbəb olur. Ticarətin aşağı düşməsi isə öz növbəsində istehsalın azalmasına gətirib çıxarır ki, onun da fəsadları bütün dünya üzrə sosial-siyasi durumu gərginləşdirir.
Fins.az xəbər verir ki, bəzi ölkələrdə iqtisadi artım müşahidə edilsə də, beynəlxalq maliyyə qurumlarının bir çoxunun hesabatlarında geriləmə olacağı barədə bədbin proqnozlar verilir. Və ən pisi də odur ki, dünyada baş verən bu gərginliyin nə vaxtadək davam edəcəyi məlum deyil. O üzdən də qarşıdakı illər üçün dəqiq hesabatlar hazırlamaq mümkün olmur.
İndi müşahidə edilən bir məsələ də ondan ibarətdir ki, bu gün dünyada ərzağa tələbat çoxalır ki, bu da həmin məhsulların qiymətlərini yüksəldir. Bu səbəbdən aqrar sektor tədricən gəlirli sahəyə çevrilir, qlobal səviyyədə aqrar sektora kapital qoyuluşunun həcmi artır. Aydın məsələdir - investorlar sərmayəni gəlirli sahələrə yönəltməyə üstünlük verirlər.
Dünyada baş verən hazırkı neqativ proseslərin ən çox təsir göstərdiyi sahələrdən biri də bank-maliyyə sektorudur. Səbəb yenə də ölkələrin bir-birinə tətbiq etdiyi sanksiyalar və qeyri-müəyyən geosiyasi gərginliyin davam etməsidir. Odur ki, bir çox sahənin maliyyələşməsi aşağı düşür və ya tam dayanır. Belə hal öz növbəsində beynəlxalq səviyyədə istehsal və ticarətə də mənfi təsir göstərir.
Dünyanın belə çətin bir vaxtında ölkəmizin iqtisadiyyatında, o cümlədən xarici ticarətində müsbət dinamika var. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-mart aylarında ölkəmizdəki hüquqi və fiziki şəxslər dünyanın 149 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. 93 ölkəyə məhsul ixrac olunub, 144 ölkədən isə idxal edilib.
Hesabat dövründə gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla bu ilin birinci rübündə xarici ticarət dövriyyəsinin dəyəri 9 milyard 905,5 milyon, o cümlədən ixracın dəyəri 6 milyard 193,9 milyon, idxalın dəyəri 3 milyard 711,6 milyon dollar olub. Nəticədə 2 milyard 482,3 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumata görə, yanvar-mart aylarında xarici ticarət dövriyyəsinin 88,6 faizi İtaliya, Türkiyə, Rusiya, Çin, Hindistan, Almaniya, Tailand, Gürcüstan, ABŞ, Bolqarıstan, İran, Tunis, Rumıniya, Çexiya, Fransa, Portuqaliya, Ukrayna, Belarus, Türkmənistan və Polşa ilə aparılıb.
Hesabat dövründə idxal məhsullarında maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, nəqliyyat vasitələrinin, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, kimya sənayesi məhsullarının, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib. Bu aylar ərzində ölkəyə gətirilən məhsulların bir çoxunda ötən ilin eyni dövrü ilə müqayisədə azalma müşahidə olunub ki, bunun da başlıca səbəbi yerli istehsalın artması ilə bağlıdır.
İxracda isə əsas partnyorlarımız İtaliya, Türkiyə, İsrail, Hindistan, Almaniya, Gürcüstan, Bolqarıstan, Tunis, Portuqaliya, Rumıniya, Çexiya, Yunanıstan, Polşa, Fransa, İndoneziya, Xorvatiya, İspaniya, Ukrayna, Qırğızıstan, İsveçrə və Türkmənistandır.
Hesabat dövründə ixracın strukturunda xam neft, təbii qaz və neft-qaz məhsulları, meyvə-tərəvəz, plastik kütlə və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsulları, pambıq lifi və ipliyi, alüminium və ondan hazırlanan məmulatlar, bitki yağlarının, şəkərin payı üstün olub.
Göründüyü kimi, ölkəmizin xarici ticarət əlaqələrində müsbət saldo davam edir. Müəyyən məhsullar üzrə idxal və ixracda artma və ya azalma müşahidə edilsə də, ümumi göstəricilər yaxşıdır. İndi dünyada baş verən neqativ geosiyasi proseslər dövründə belə nəticələrin olması ölkəmizin dinamik inkişafının göstəricisidir.
© azerbaijan-news