Bu gün Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın doğum günüdür, Fins.az kollektivi və oxucularının adından Birinci vitse-prezident Mehriban xanımı təbrik edirik.
Fins.az məlumat verir ki, Əliyeva Mehriban Arif qızı 1964-cü il avqustun 26-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.
1982-ci ildə Bakı şəhər 23 №-li orta məktəbi qızıl medalla bitirərək Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. 1988-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988–1992-ci illərdə Moskvada Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda işləyib.
1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunu təsis edib və hazırda onun rəhbəridir. 2002-ci ilin oktyabrında Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.
2004-cü ildən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və milli dövlətçilik ideyalarının təbliği məqsədi ilə yaradılan Heydər Əliyev Fonduna rəhbərlik edir.
2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
2004-cü ilin dekabrında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən isə partiyanın sədr müavinidir.
2005-ci ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.
2005, 2010 və 2015-ci illərdə üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib.
Humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə 2006-cı ilin noyabrında ISESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
2016-cı ilin iyununda Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü seçilib.
2017-ci il fevralın 21-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Bununla əlaqədar 2017-ci il martın 6-da Milli Məclisin deputatı səlahiyyətlərinə xitam verilib.
2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin sərəncamı ilə partiya sədrinin birinci müavini təyin edilib.
2020-ci ildə Azərbaycanın əzəli torpaqlarını işğaldan azad etməsi ilə yekunlaşan 44 günlük Vətən Müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğı göstərən Birinci vitse-prezident Mehriban Əliyeva şəhid ailələri, əlillər, müharibə veteranları ilə mütəmadi görüşlər keçirir.
Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və beş nəvəsi var.