Azərbaycan üzv olduğu hər bir təşkilatda daim öz fəallığı, təşəbbüsləri ilə seçilir. Ölkəmiz BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olmasına baxmayaraq, fəaliyyətinin ilk günlərindən başlayaraq həmrəylik, qarşılıqlı əməkdaşlıq, eyni zamanda, Bandunq prinsiplərinin təşviqinə töhfəsini verməyə çalışıb. Qeyd etmək lazımdır ki, ədalətlin, sülh və təhlükəsizliyin təmin olunması hər zaman aktual olub. Əfsuslar olsun ki, ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə kimi mühüm prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılmır. Buna görə bu gün dünyada müharibələr, münaqişələr baş verir. Bütün bu ədalətsizliyin, ayrı-seçkiliyin aradan qaldırılması istiqamətində Azərbaycan davamlı olaraq təşəbbüslər göstərir. Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunan və iştirak edən Azərbaycanın bu təşkilata sədrlik etməsinin əsas səbəblərindən biri də elə bu idi. Artıq 5 il sonra, yəni 2016–cı ildə 120 ölkə yekdil dəstəyini göstərdi. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısı keçirildi və ölkəmiz 2019-2022-ci ilə qədər sədrliyi üzərinə götürdü. Qoşulmama Hərəkatına sədrliyimizin üzv ölkələrin qərarı ilə 2023-cü ilin axırına kimi uzadılması ölkəmizə göstərilən böyük hörmət və fəaliyyətimizə verilən yüksək qiymətdir.
Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova azərtac-a açıqlamasında deyib.
“Bu nəyin göstəricisidir? Əlbəttə ki, Azərbaycana, onun Prezidenti İlham Əliyevə olan etimaddır, etibardır. Bizim bu təşkilata sədrliyimiz çox çətin və mürəkkəb dövrü əhatə edir. Belə ki, ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi COVID-19 ilə üst-üstə düşdü. Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə çox aktiv fəaliyyət göstərirdi. Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin mayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi istiqamətində ən bariz nümunələrdən biri idi. Bunun nəticəsində biz 2020-ci ilin dekabrında uğurla keçirilmiş, COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə bağlı üzv dövlətlər tərəfindən dəstəklənmiş təşəbbüsü irəli sürdük. Bizim səylərimiz təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməyib, eyni zamanda, ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı bizim məlumat bazasından istifadə etməyə başlamış Ümumdünya Səhiyyə Təşkilatı üçün də faydalı oldu. Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərildi. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə olunub və bu vəsaitin yarısı birbaşa Qoşulmama Hərəkatının üzv dövlətlərinə ayrılıb. Hər zaman bərabərsizliyə, ayrı-seçkiliyə qarşı çıxan Azərbaycan peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ilk ölkələrdən biri oldu. Bir çox ölkələrin çıxılmaz vəziyyətdə olduğu bir vaxtda zəngin ölkələr peyvəndlərin mütləq əksəriyyətindən istifadə edirdi. Buna görə də peyvənd millətçiliyinə qarşı mübarizəmiz Beynəlxalq Millətlər Təşkilatı tərəfindən də dəstəklənib”, - deyə Hicran Hüseynova qeyd edib.
Onun sözlərinə görə, hər bir ölkənin maraqları, hər bir xalqın hüquqları qorunmalı, eyni münasibət bəslənilməlidir. Prezident İlham Əliyevin dediyi kimi, “Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır və əlbəttə ki, biz hamımız səsimizin dünya miqyasında eşidilməsini istəyirik”. Bu baxımdan Hərəkatın institusional inkişafı üçün Azərbaycan sədrliyi müddətində bir neçə vacib təşəbbüslər irəli sürdü. Bunların sırasında Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin, Parlament şəbəkəsinin yaradılması ilə bağlı olan təkliflər idi. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Bu barədə Qoşulmama Hərəkatının Bakı konfransında çıxış edərkən Prezident İlham Əliyev bildirdi ki, “Hesab edirəm ki, indi institusional inkişaf istiqamətində daha çox addımların atılması üçün düzgün vaxtdır və bu da öz növbəsində bizə beynəlxalq arenada maraqlarımızı qorumağa və əlbəttə ki, ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə kömək edəcək”. Hazırda Hərəkat Azərbaycanın səmərəli sədrliyi nəticəsində qüdrətli dövrünü yaşayır və dünyada böyük söz sahibinə çevrilib. Prezident İlham Əliyevin dünyada baş verən çoxölçülü siyasi proseslər fonunda irəli sürdüyü ədalətli və aktual təşəbbüslər Qoşulmama Hərəkatını əhəmiyyətli beynəlxalq platformaya çevirməklə yanaşı, ölkəmizin də dünya dövlətləri arasında nüfuzunun artmasına gətirib çıxarıb.
Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Bakı konfransında qeyd etdiyi kimi, “Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdi və əlbəttə ki, Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrı-seçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik”. Əlbəttə ki, ölkəmizin sərgilədiyi ədalətli və obyektiv mövqe Qoşulmama Hərəkatının üzv dövlətləri tərəfindən hər zaman dəstəklənib və həmrəy olub. Belə həmrəylik nümunəsi Ermənistan tərəfindən 30 ilə yaxın işğalda saxlanılan torpaqlarımızın azad edilməsi zamanı ölkəmizin yaşadığı ən çətin dövrə təsadüf etdi. Azərbaycan öz torpağında ədaləti, eyni zamanda, beynəlxalq hüququ bərpa edirdi. Ancaq həmin vaxt bəzi ölkələr Azərbaycana qarşı qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar. Onlardan bəziləri bizim bu haqq işimizi BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dövlətlər anti-Azərbaycan mahiyyətli bəyanatın qəbul olunmasının qarşısını alaraq ermənipərəst qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Bu, həm də dövlətlərin həqiqətən də, sülhü, təhlükəsizliyi, ərazi bütövlüyünü müdafiə etdiklərini göstərdi.
Hicran Hüseynova bildirib ki, Qoşulmama Hərəkatının Bakıda keçirilən konfransında artıq Parlament Şəbəkəsini yarandı. Məlumdur ki, keçən ilin noyabrında Madriddə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsünə uyğun olaraq, Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi təsis edilib. Bakı konfransında Qoşulmama Hərəkatının üzvü olan 40-dan çox ölkənin parlamentləri və 9 beynəlxalq parlament təşkilatı təmsil olunmasını üzv dövlətlərin parlamentlərarası əməkdaşlığa verdiyi əhəmiyyətin əyani göstəricisidir. Hazırda parlament diplomatiyasının qlobal səviyyədə inkişaf etdirilməsi zərurəti vardır. Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın dediyi kimi, “hazırkı beynəlxalq mürəkkəbliklər kontekstində, çoxtərəflilik və beynəlxalq əməkdaşlığın indi hər zamankından daha vacib olduğu bir vaxtda bu diplomatiya böyük əhəmiyyət kəsb edir” .
“Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının mövzusu da hazırkı vəziyyətlə səsləşir. Azərbaycanın “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusunda konfransa ev sahibliyi etməsi də rəmzi məna daşıyır. Çünki, bu gün Azərbaycan dünyaya sülhyaratma prosesi istiqamətində mühüm bir təcrübə sərgiləyir. Digər tərəfdən isə dayanıqlı inkişafa öz töhfəsini verir. Tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçilərinin iştirak etməsi, həmçinin nümayəndə heyətinin tərkibində 15 ölkənin parlament sədrinin yer alması konfransın mötəbərliyinin və əhəmiyyətinin göstəricisidir. Bu sahədə qlobal səviyyədə parlamentlərarası əməkdaşlığın inkişafına, əlaqələrin genişlənməsinə əhəmiyyətli zəmin yaradacaq, həmrəyliyi gücləndirəcək platformaya ehtiyac var. Konfrans çox məhsuldar keçdi, belə ki, tədbir zamanı, “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olundu, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq edildi, qurumun sədri və sədr müavinləri seçildi. Eyni zamanda, tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə ikitərəfli görüşləri keçirildi”, - deyə Milli Məclisin deputatı əlavə edib.