MÜSAHİBƏ

08 Sentyabr

Qarabağda tikilən Hava limanlarının iqtisadi əhəmiyyəti -VİDEO

Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə post-müharibə dövründə həyata keçirdiyi infrastruktur layihələrdən ən önəmlisi Şərqi Zəngəzur və Qarabağ ərazisində tikilməkdə olan 3 hava limanıdır. Hava limanlarının Füzuli, Laçın və Zəngilan şəhərlərində inşa edilməsi 2 vacib konturla izah edilə bilər.  

  • Qarabağ Azərbaycan iqtisadiyyatının yeni drayveri olacaq ki, bu da ümumi daxili məhsulda illik minimum 5 milyard dollarlıq əlavə dəyərin formalaşmasına gətirib çıxaracaq. Hava limanlarının inşa olunacağı şəhərlərin Zəngəzur dəhlizinə inteqrasiya potensialı,istehsal olunacaq məhsulların dünya bazarına birbaşa çıxarılması, eləcə də investisiya və turizm cəlbediciliyi üçün daha uyğundur. 
  • Hərbi və strateji cəhətdən Füzuli, Zəngilan və Laçının yerləşdiyi coğrafi mövqe növbəti baş verə biləcək münaqişədə birbaşa üstünlük üçün, həmçinin Qarabağın  təhlükəsizliyinin təmini məqsədilə əlverişlidir. 

Bu regionlarda real və davamlı məşğulluğun yaradılması baxımından, həmçinin ixtisaslı kadrların təkcə paytaxt Bakıda deyil, Qarabağda da işlə təmininə imkan yaradır. Faktiki rəqəmlərə əsaslansaq, tikintisi davam edən Füzuli Beynəlxalq Hava Limanında 500 azərbaycanlı çalışır. Bundan başqa, hava limanında çalışacaq işçilərin seçimi ilə bağlı artıq vakansiya elan olunub.  

Laçın Hava Limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olmaqla yanaşı bütövlükdə çətin relyefdə inşa edilən hava limanı olması  baxımından fərqlənəcək. Aeroport Laçın şəhərindən 30km, Kəlbəcər şəhərindən 60km, Şuşa şəhərindən isə 70km uzaqlıqda yerləşəcək. Quruculuq işlərinin növbəti mərhələsində Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə imkanının yaradılması da nəzərdə tutulub. Laçın Hava Limanı Şərqi Zəngəzurda fəaliyyət göstərməklə hərbi və strateji əhəmiyyəti ilə yanaşı eyni zamanda iqtisadi üstünlüklərə də malik olacaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin üzvü Vüqar Bayramov Füzuli, Laçın və Zəngilan şəhərlərində Hava limanlarının iqtisadi əjhəmiyyəti  ilə bağlı fikirlərini “Fins.az”-la bölüşərkən Laçın Hava Limanının iqtisadi bərpanı sürətləndirəcəyini bildirib. O, qeyd edir ki, aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verməklə turizm potensialının artırılmasına səbəb olacaq. İqtisadçının fikirlərinə əsasən, Şərqi Zəngəzur Qafqazda qış, yay, müalicəvi, tarixi, dini turizm imkanları ilə seçilən bölgələrdəndir və böyük turizm potensialı həmin bölgələrimizdə qısa zamanda iqtisadi aktivliyi bərpa etməyə imkan verəcək. 

 

Tarixə nəzər saldıqda ötən əsrdə də post-müharibə dövründə ilkin infrastruktur olaraq hava limanlarının inşasını görə bilərik. Həmçinin əhali də birmənalı olaraq münaqişə sonrası dövrdə beynəlxalq hava limanları kimi layihələri dəstəkləyə bilər. Ümumiyyətlə, hava limanları bölgədə geniş iqtisadi fayda yarada biləcək zəruri infrastrukturu təmin edir. Hava limanının regionda olması investorları da həmin regiona cəlb edir. Məhz Qarabağda da eyni stiuasiyanın şahidi oluruq. Bütün bunlar hava limanlarının təsirilə Qarabağda yaradılacaq turizm, sosial fəaliyyət, həmçinin mədəniyyət mərkəzləri, pərakəndə ticarət obyektlərinin bölgəni cəlbedici və gəlirli edə biləcəyinə əsas verir. Qarabağda tikilməkdə olan hava limanlarının fəaliyyəti, eləcə də onun təsirilə canlanacaq sosial, iqtisadi mühit regionda baş verə biləcək münqaişə riskini də aşağı salmış olur. Çünki investisiya cəlbi və iqtisadi inkişaf münaqişələrin sülh yolu ilə həllinə birbaşa təsir etmə potensialına malikdir. Ümumi yanaşdıqda dünyada post-konflikt dövründə tərəflərin ilk 10 ildə yenidən müharibəyə cəhd ehtimalı 40% həcmində dəyərləndirilir. Lakin iqtisadi inkişaf nəticəsində münaqişədən zərər çəkən tərəflərin hər birinin yararlana biləcəyi, eləcə də investisiya cəlb edilmiş ərazilərdə yenidən münaqişə riski 10%-ə enir. Hava limanlarının fəaliyyəti nəticəsində insanların həmin ərazilərə yenidən köçürülməsi, eləcə də daimi iş yerlərilə təmin edilməsi, inovativ investisiyaların yaradacağı imkanlarla qurulacaq təhsil, səhiyyə,turizm mərkəzləri bölgədə müharibə riskini 10%-dən də aşağı həddə endirə bilər. Azərbaycanın işğaldan azad edilən ərazilərində tikilməkdə olan hava limanları regionda yeni iqtisadi drayverə çevirəcək potensiala imkanlar açır. 

  • Hər üç hava limanı Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Bununla da Şərq-Qərb beynəlxalq dəhlizinə çıxış təmin ediləcək. 
  • Mülki və yükdaşıma kimi xidmət göstərəcək hava limanları investorların öz məhsullarını beynəlxalq bazara çıxarmasına imkan yaradacaq. 
  • Hava limanlarının fəaliyyəti dövründə cəlb ediləcək innovativ investisiya post-konflikt dövründə yeni münaqişə riskini azaldacaq. 
  • Regionlarda  gənc və ixtisaslı kadrların işlə təmininə imkan yaradılacaq.  Burada peşə təhsili məktəblərin və dövlət müəssisələrinin ümumi komunikasiyası baş tutacaq. 
  • Regionlar, xüsusilə Qarabağın incisi sayılan Şuşa şəhərinə Laçın və Füzuli hava limanlarından çəkiləcək yollar nəqliyyatı və  həmin istiqamətdə gediş-gəlişi asanlaşdıracaq. Həmçinin Qarabağa gedəcək yollar daha təhlükəsiz hala gələcək.   
  • Qarabağ Azərbaycanın turizm mərkəzinə çevriləcək. 

Müəllif: Fariz Əzimov