MÜSAHİBƏ

26 Avqust

İlk dəfə olaraq “Embafinans” şirkətinin 3 illik və 4 milyon AZN həcmində istiqrazlarını yerləşdirdik!

17 avqust 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Embafinans” QSC-nin ümumi dəyəri 4 000 000 (dörd milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. İstiqrazların yerləşdirilməsi 26 avqust 2021-ci il tarixində hərrac yolu ilə həyata keçirilib. Yerləşdirmə üzrə anderrayter qismində “Azfinance” investisiya şirkəti çıxış edib. Şirkətin direktoru İntiqam Səfərəliyev istiqrazların yerləşdirilməsi ilə bağlı bütün yaranan sualları cavablandırır.

İlk dəfə olaraq Embafinans şirkətinin 3 illik və 4 mln AZN həcmində istiqrazlarını yerləşdirdik. Son 6 il ərzində bu BFB-da bir ilkdir. Devalvasiyadan sonra belə bir addımı atmağa ilk dəfə biz risk etdik və uğurlu alındı. Belə ki, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 400 000 000 manat, sifarişlərin nominal qiymətlə ümumi məbləği isə 4,162,000.00 manat təşkil edib. 

Nəyə görə məhz “Embafinans” şirkətini seçdiniz?

Hər bir detalın öz əhəmiyyəti var. “Embafinans”ın seçilməsi onun bir emitent kimi artıq kapital bazarında reputasiyaya sahib olmasından irəli gəlir. İstiqrazlar üzrə faizlərin ödənilməsi il ərzində bu istiqrazları rahat girov qoyub daha aşağı faizlə vəsait cəlb etməyə imkan yaradacaqdır. Təkrar bazara buraxıldıqdan sonra istiqrazlarla repo - əks repo əməliyyatları etmək mümkün olacaq. Bu istiqrazları girov qoyub məbləğin 90 %-i həcmində vəsaiti 5-6 %-lə əldə etmək imkanı olacaq. Hətta bu halda belə istiqraz sahibləri əlavə 4-5 % gəlir əldə edə biləcək.

Nəyə görə 3 illik istiqrazları optimal hesab edirsiniz?

İstiqrazların 3 illik olması onlardan 3 il ərzində rahat 30 % gəlir götürməyə imkan verəcək. Bir çox investisiya alətləri birinci il gəlir versələr belə növbəti illər eyni gəliri təmin edə bilmirlər. Lakin biz bu istiqrazlar vasitəsilə önümüzdəki üç əhəmiyyətli dəyişkən il üçün gəliri təminat altına alırıq. Makroiqtisadi təhlilimiz göstərir ki, növbəti üç ildə gəlir əldə etmək heç də asan olmayacaq. Növbəti üç il böyük investisiyaların edildiyi və gələcək gəlirlərə ümid verən illər olacaq. Bu barədə makrotəhlilləri fərdi şəkildə paylaşa bilərik. Təsadüfi deyil ki, maliyyə nazirliyinin 3 illik istiqrazlarını investorlar 5,9 %-lə alırlar. Ölkədə sabitlik ölkə riskimizin azaldığını göstərir.

Növbəti üç ildə devalvasiya olacağından qorxmursunuzmu?

Əlbəttə, qorxuruq. Amma qazanmaq istəyənlər cəsarətinin arxasınca getməlidir. Biz devalvasiya riskini təhlil etmişik. Üç il 30 %-lik devalvasiya gözləmək fikrimiz yoxdur. Üç ilə dəqiq 30 % qazanacağıq. Devalvasiya ehtimalı çox azdır, deyə bilərəm ki, iqtisadi islahatlar onu hətta mümkünsüz edib. Biz ölkə olaraq inkişaf edirik və aktualıq. İndi Azərbaycana 2 %-lə dollarda investisiya etmək istəyən xarici investorlar axtarışdadırlar. Bu üç il ərzində müəyyən hərəkətlilik ola bilər, amma üç il keçdikdə stabil gəlir əldə edəcəyik. Həmçinin bu, bir maliyyə alətidir və investorların hərəkətlərini müşayiət etməyə imkan verəcək.

Sizcə, “Embafinans” bu üç ildə “sağlam” qalacaq?

Şirkətin innovativ və məsuliyyətli səhmdarı, müasir və peşəkar meneceri, kifayət qədər kapitalı, operativ və diversifikasiya olunmuş yanaşması, geniş müştəri bazarı, güclü reputasiyası, etibarlı auditi var. Öz biznesində lider şirkətdir, digital formatda inkişafına davam edir, hesabatları pozitiv göstəricilərə malikdir. Makrorisklər bütün dünyaya və Azərbaycana təsir edərsə cüzi risk yarana bilər. Həmin vaxt isə bütün investisiyalar risk altında olacaq. Tutaq ki, bir il çətinlik olsa da bizi sığortalayacaq qədər kapitala və mənfəətə malikdir. Əsas zərbəni kapital alacaq və bizə risk qalmayacaq. 

Üç il sonra şirkət vəsaiti necə qaytaracaq?

Şirkət vəsaitləri digər mənbədən maliyyələşib qaytara, yəni refinans edə bilər. Amma bu biznesin aktivləri avadanlıq, zavod və ya hər hansı bir daşınmaz əmlak deyil. Üç il tamam olanda şirkət verdiyi kreditlərdən daxil olan ödəmələr hesabına vəsaiti rahat qaytara bilər. Bu onun kiçilməsi deməkdir və ən bədbin ssenaridir. Təhlilimiz göstərir ki, yaxın üç ildə şirkət hər il üçün 3-4 mln AZN mənfəət əldə edə bilər.

10 % gəlirin az olduğunu düşünmürsünüz?

Sağlam investisiya üçün adekvat gəlirdir. Çox gəlir axtaranda daha riskli alətlərə yönəlməli oluruq. Sonra investisiyamızı ya itiririk yaxud da uzun müddət lazım olur ki, investisiyanı geri götürək. Son 5-6 ildə gedən digitallaşma prosesi klassik yolla gəlir əldə etməyi demək olar ki, mümkünsüz edib. Digitallaşma prosesi artıq yeni sənaye inqilabı adı alıb. Və bir müddət belə davam edəcək. Amma heç kim bütün vəsaitini kriptovalyuta kimi ən riskli alətlərə yatırmır. Biz səhmlərə belə portfelimizin 30 %-ni ayırmışıq, startaplara isə cəmi 3 %. Bu vəsaitləri itirsək “Embafinans” vasitəsilə üç il ərzində 30 % qazanmaqla mövqeyimizi bərpa edəcəyik.

Siz bu istiqrazları satmağa necə nail oldunuz?

Biz satmırıq, əksinə - alırıq. İnvestisiya şirkəti olaraq vəsaitimizi və idarə etdiyimiz müştəri vəsaitlərini yerləşdirib qazanmalıyıq. Ona görə də emitentlər müraciət etdikdə dərin təhlil aparıb yalnız özümüz alacağımız istiqrazların emissiyasına dəstək oluruq və hərraclarda alıcı kimi çıxış edib özümüz də onları alırıq. Lakin istiqraz almaq istəyən investorlar bizimlə paralel hərracda iştirak edib onları ala bilər. Və yaxud təkrar bazarda istiqraz almaq niyyətini bildirəndə biz onları həmin investora sata bilərik. Bizim məqsədimiz maliyyə alətlərinin və kapital bazarının formalaşması, Bakı Fond Birjasının qazanc gətirən bir yer kimi reputasiya qazanmasıdır. Bura yeganə yerdir ki, hər kəsə qazanmaq şansı verir, bir investorun qazanması üçün digərinin itirməsinə ehtiyac yoxdur. Bu istiqrazlarla biz eyni zamanda faizlərin də azalmasına dəstək oluruq. Kapital bazarı vəsaitin ən ucuz cəlb edildiyi yerdir. Çünki investor və emitent birbaşa görüşür və vasitəçilər 1 %-ə çatmayan bir komissiya əldə edirlər.

Fikirləriniz çox pozitivdir. Lakin reallıq fərqli ola bilər.

Biz bu fikirləri təqdim etməmiş ciddi təhlillər həyata keçiririk. Dünya birjalarındakı vəziyyətdən koronavirusun iqtisadi təsirlərinə kimi, dövlətin siyasi kursundan Qarabağın bərpasına kimi bütün makrodəyişənləri bir-bir təhlil edirik. Niyə bu istiqrazlar 6-12 ay əvvəl yox, məhz indi emissiya edilir? Çünki indi təhlillər müəyyənlik vəd edir. Son 6-7 ayda dövlət istiqrazları üzrə faizlər 3-4 % aşağı enib, tələb və təklif hal-hazırda bir-birini qarşılamağa hazırdır.

6 ay sonra “Embafinans” artıq 10 % yox, 9 % gəlirlik təklif edə bilər. Ümumiyyətlə, az ehtimalı var ki, yaxın bir ildə yenə istiqraz buraxmaq istəsin. Düşünürəm ki, bizim etdiyimiz 10 mln manatlıq emissiya onların nəzərdə tutduğu böyüməyə kifayət edəcək.

İstiqrazları almaq istəyənlər nə etməlidirlər?

Bizimlə əlaqə saxlayıb niyyətlərini bildirsələr kifayətdir. Müştəri xidmətlərimiz onların istəyinə və imkanlarına uyğun olaraq dəstək göstərəcək.