MÜSAHİBƏ

26 May

Gürcüstanda xarici investorlara lazımi diqqət yetirilmir

Gürcüstanın iqtisadi mühiti ilə yaxından tanış olan iqtisadçı-ekspert  Emin Abasovun Fins.az-a müsahibəsi.

Gürcüstanda mövcud şərtlərdə biznes mühiti və sahibkarlıq imkanlarını necə dəyərləndirirsiniz?

Gürcüstanda biznes mühiti iki cəbhəyə bölünüb: qanunlar və praktiki icra olunanlar. Mövcud qanunlar və qaydalar təxminən 8-10 il əvvəl ölkəyə investisiya cəlbi üçün qəbul olunmuşdur ki, nəticədə Gürcüstan post sovet ölkələri arasında demək olar ki ən sərfəli investisiya yatırımı mərkəzinə çevrildi. Bu qanunlar xarici şirkətlərin 15 dəqiqə ərzində qeydiyyatdan keçməsindən başlayaraq, güzəştli vergilər sisteminə və sadələşmiş gömrük məsələlərinə qədər mövcud idi.

Praktiki icra tərəfinə gəldikdə isə, təəssüflər olsun ki hazırkı biznes mühit o qədərdə ürək açan deyil. Qanunların 60%-nin mövcudluğuna baxmayaraq onlar praktikada demək olar ki, işləmir. Dövlət strukturları daha bürokratik addımlara əl atır, ölkədə korrupsiya halları və kriminal hallar çoxalır.

Dövlət tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirənlər üçün hansı güzəştlər edilir?

Hazırda Gürcüstan dövləti, dövlət proqramı çərçivəsində COVİD-19 pandemiyasından əziyyət çəkən bir sıra biznes sahələrinə kompensasiyalar ayırır. Əsasən bu kompensasiyalar, hotel restoran, aqro sektorlarına ödənilir. Tikinti sektoruna dəstək sadələşdirilmiş ipoteka vasitəsi ilə həyata keçirilir. Burada illik ipotekanın 8%-nin yarısını dövlət öz üzərinə götürür. Çətin iqtisadi durum səbəbindən dövlət sahibkarları həvəsləndirmək məqsədi ilə bəzi xərclərin və ya itkiləri öz üzərinə götürür. İqtisadiyyat Nazirliyi sahibkarlar üçün yeni əlverişli şəraitlərin yaranmasın elan etsə belə, hələ ki, aydın bir layihə təqdim etməyib.

Gürcüstanda hansı sahəyə investisiya qoyuluşu daha perspektivlidir və çox uğur gətirə bilər?

Gürcüstanda pandemiya dövründə ən az ziyan çəkən və pandemiya dövründən sonra ən perspektivli görünən fəaliyyət növləri əsasən heyvandarlıq, əkinçilik, əczaçılıq, gündəlik tələbat malları bazarı və logistika kimi sahələrdir. Maliyyə baxımından xərclər nisbətən stabil qalsa belə, məhsullar və mallarda çatışmazlıq səbəbindən gəlirlər xeyli artıb.

Gürcüstanda xarici investorlara hər hansı üstünlük və imkanlar verilirmi?

Azərbaycan və Gürcüstan dövlətləri arasında 8 Mart 1996-cı il tarixdə ulu öndər Heydər Əliyev və Eduard Şevardnadze tərəfindən çox mühüm və vacib investisiya razılaşması imzalanıb. Çox təəssüf ki, bu gün o razılaşmaya əməl olunmur və həmin razılaşmanın aktuallaşdırılması üçün heç bir məsul şəxs və ya təşkilat yoxdur.

Ümumiyyətlə xarici ölkəyə investisiya yatırımı etməzdən əvvəl 5 əsas faktoru nəzərə almaq lazımdır: ölkədəki sosial durum, vergi sistemi, məhkəmə sistemi, özəl mülkiyyət hüququ və dövlət zəmanəti.

Gürcüstana gəldikdə isə ölkədəki sosial durumla bağlı hazırda gərginlik yaşanmaqdadır, buna səbəb kimi pandemiyanın insanlara vurduğu maddi və mənəvi zərəri qeyd etmək olar. Digər tərəfdən isə xarici vətəndaşlara müvəqqəti yaşamaq hüququnun verilməsi prosesləri çətinləşdirilir, bəzi hallarda isə səbəbsiz imtina edilir.

Vergi qanunları ikimənalıdır, bu səbəbdən investorlar daima cərimələnirlər və nəticədə məhkəməyə müraciət etməli olurlar. Mənfi məqamlardan biri də odur ki, vergi cərimə məbləği dərhal şirkətin balansından tutulur, nəticədə sahibkarlıq subyektinin maliyyə planları pozulur.

Bununla yanaşı ölkədə məhkəmə sistemi elə qurulub ki, fiziki şəxslər hüquqi şəxslərdən daha üstün tutulur. Məhkəmələr qanunvericilikdə qeyd olunan vaxtlara əməl etmir, proseslər 5-6 il uzana bilir. Məhkəmə qərarları da qəbul edildikdə icraat səbəbsiz uzadılır.

Özəl mülkiyyət hüququ olan hər bir sahibkar müəyyən zəmanət hiss edir. Gürcüstan qanunvericiliyinə görə sizin mülkiyyətdə kimsə qanunsuz olaraq yerləşərsə və ya hər hansı bir şəxs mülkünüzü zəbt edərsə, sizin onu güc vasitəsilə çıxarmaq hüququnuz yoxdur. Siz özəl mülkünüzü zəbt edən şəxsi yalnız məhkəmə qərarı ilə çıxara bilərsiniz, və bu proses müəyyən icraçılar vasitəsilə həyata keçirməlidir. Məhkəməyə isə 5-6 ay vaxt sərf edilə bilər.

Dövlət zəmanətinə gəldikdə isə, 2019-cu ilin son rübündə Gürcüstanın Azərbaycandakı səfirliyi Azərbaycan investorlarına Gürcüstana yatırım üçün müraciət edib. Gürcüstanda böyük investorlardan olan bir Azərbaycan şirkəti Gürcüstanda bir problemlə üzləşib, və bu barədə Azərbaycandakı Gürcüstan səfirliyinə rəsmi məktubla müraciət edərək bu problemin həll olunmasını xahiş etmişdi. Səfirlik öz növbəsində bu problemin onlara aid olmadığını bildirərək məsələnin həllinə kömək etməyib. Gürcüstanda nəinki Azərbaycan investorlarına, ümumiyyətlə xarici investorlara lazımi diqqət yetirilmir və qayğı göstərilmir, nəticə etibarı ilə investor problemlərlə üz-üzə qalaraq öz investisiyasını qorumağa çalışır.

Gürcüstanda daha çox hansı sahibkarlıq sahəsi inkişaf edib?

Pandemiyadan əvvəlki dövrdə ən çox inkişaf etmiş və öndə olan sahibkarlıq sahələri tikinti, turizm, kənd təsərrüfatı və logistika idi. Ümumiyyətlə iqtisadiyyatın inkişaf etdiyi dönəmdə hər bir sahədə sinxron artım müşahidə olunurdu, tələbatdan asılı olaraq tikinti və turizm sahələri liderlik edirdi. Hazırda bir qədər əvvəl qeyd etdiyim kimi Gürcüstanda öndə olan sahibkarlıq sahələri əsasən heyvandarlıq, əkinçilik, əczaçılıq, logistika və gündəlik tələbat malları bazarıdır.

Gürcüstanda Azərbaycan daha çox neft və qaz sahəsinin investoru kimi tanınır. Başqa hansı sahələr məhz azərbaycanlı investorlar üçün daha cəlbedici ola bilər?

Bütün dünyada pandemiya səbəbindən iqtisadiyyatda böhran yaranıb, və bu Gürcüstandan yan keçməyib. Belə bir dönəmdə iqtisadiyyatın necə qorunmasına və ya artmasına təkan veriləcəksə bu daha çox siyasi xarakter daşıyır. Çünki iqtisadi böhranla yanaşı Gürcüstan hazırda siyasi böhran da yaşanmaqdadır. Bütün hallarda qeyri stabil siyasi vəziyyət, investor üçün qeyri münbit iqtisadi vəziyyətdən daha təhlükəlidir.Bunları nəzərə alaraq Gürcüstan böyük investisiya yatırımı üçün əlverişli region deyil, amma stabil iqtisadi vəziyyət müşahidə olunarsa “Yaşıl Enerji” sahəsi çox gəlirli sahə hesab oluna bilər, çünki Gürcüstan enerji tələbatının 40%-ni xaricdən alır. Yuxarıda qeyd olunanları nəzərə alaraq kiçik investisiya yatırımı üçün Aqro və Logistika sahələri daha əlverişli və daha az riskli ola bilər.

Avropa Birliyi ölkələri ilə əlaqələrin daha sıx olması Gürcüstan sahibkarlarının Avropaya çıxışına necə təsir göstərir?

Gürcüstanın Avropa Birliyi ölkələri ilə əlaqələrin sıx olması, ilk öncə həmin dövlətlərin Gürcüstan bazarına yatırımı deməkdir. Gürcüstan Avropa standartlarını qəbul etsə də, həmin standartlara cavab verməkdə bir qədər çətinlik çəkir, belə ki, Gürcüstan daha çox idxalçı rolu oynayır nəinki ixracatçı. Yəni bu əlaqələrdən Avropa Birliyi ölkələrindəki sahibkarlar daha çox qazanır.

Gürcüstanda sahibkarlığın inkişafına mane olan hansı amillər mövcuddur?

Sahibkarlığın inkişafına COVİD-19 virusu ilə əlaqəli olan komendant saatı, bir neçə sahələrin çalışmasına qadağa, sərhədlərin bağlı olması və s. müəyyən ehtiyat amillərindən savayı mane olan əsas amillər, yeni hakimiyyətin Avropa ölkələrindən götürdüyü tənzimləmələrdir ki, hüquq institutları tərəfindən yerli qanunvericiliyə uyğunlaşdırılmadan icraata verilib və nəticədə ikili standartlar yaranıb.

Əlbəttə bələ hadisələr baş verdikdə, bundan ən çox əziyyət çəkən sahibkardır. Qeyd etdiyim çətinliklər - ölkədəki sosial durum, vergi sistemi, məhkəmə sistemi və özəl mülkiyyət hüququ məsələləridir.

Vacib məqamlardan biri də dövlətə Rusiya tərəfindən göstərilən təzyiqlərdir. Rusiya üçün Gürcüstan potensial təhlükədir, çünki Abxaziya məsələsi hələ də dünya siyasəti üçün aktualdır və saat mexanizmli bomba kimi qiymətləndirildiyi üçün Gürcüstanın zənginliyi Rusiyanın planların poza bilər.

Gürcüstandakı bəzi sahibkarlar üçün daha bir narahatedici məqam regiondakı logistika xəritələrinin yaxın gələcəkdə kardinal şəkildə deyişdirilməsi ola bilər. Zəngəzur dəhlizi və Ələt limanı Qara dəniz ətrafı ölkələrini Xəzər dənizi ətrafı ölkələri ilə birləşdirərək, Gürcüstanın tranzit ölkə statusunu da zəiflədə bilər. Bu əslində Gürcüstan iqtisadiyyatı üçün iqtisadi təhlükəyə çevrilə bilər.

Gürcüstanda biznes mühitinin yaxşılaşması və sahibkarlığın inkişafı üçün həyata keçirilən hansı tədbirlərin Azərbaycanda tətbiqi daha uğurlu nəticə verər?

Gürcüstanda nəzəriyyədə olan çox həvəsləndirici investisiya təklifləri var ki, onları idarə edən və ya nəzarət edən institut yoxdur. Məsələn “reinvestisiya” - investor illik gəlirinin hər hansı və ya tam hissəsini yenidən investisiya edərsə, həmin məbləğ vergidən azad olur. Bundan əlavə fəaliyyət növündən asılı olaraq yeni şirkət 10 nəfərdən çox Gürcüstan vətəndaşını işlə təmir edərsə 1 il vergidən azad olur. Şirkət xaricdən çox sayda mal ixrac edərsə, və sənədləşməsində problem olmazsa, gömrük xərclərin ödənməsinə 1 aydan 3 aya qədər vaxt verilir. Azad iqtisadi zonaların yaradılması. Yeni biznes sahələrinə və ya startaplara subsidiyaların ayrılması. Aqro sahəsində əkinçilərə dəstək proqramı çərçivəsində yetişdirdiyi məhsulları alaraq, bazara çıxarmaq və ya ixrac etmək. Bu həm də daxili bazarda qiyməti tənzimləməkdə yardımçı funksiya həyata keçirə bilər.

Yekunda qeyd etmək istəyirəm ki Gürcüstan xarici investor üçün ilkin baxışdan əlverişli məkan kimi görünsə də, daha sıx tanışlıqdan sonra bunun adi bir cəlbedici örtük olduğu məlum olur.

Əlavə olaraq bildirərdim ki, regionda hazırda investisiya yatırımı üçün ən əlverişli ölkə Azərbaycan ola bilər. İlk növbədə Vətən Müharibəsində qalib gələrək azad olunan torpaqlarda yeni investisiya imkanlarının mövcudluğu, ikincisi ölkədəki siyasi stabillik, üçüncü isə dövlətin apardığı tolerantlıq siyasəti. Bunlar yeni investisiya layihələri ilə tamamlanarsa, və düzgün investor yönümlü siyasət aparılarsa uzun illərdə bu liderliyi əldə saxlaya bilər.