"Rabitəbank" ASC-nin Biznes Bankçılığı Departamentinin biznesin inkişafı şöbəsinin rəisi Elvin Tahirovun müsahibəsi:
- Geridə qoyduğumuz 2020-ci ili “Rabitəbank” üçün ümumilikdə necə xarakterizə etmək olar?
- Ötən ildən pandemiyanın yayılması bank sektoru üçün də uğurlu olmayıb və zərər vurub. Lakin 2020-ci ili “Rabitəbank” mənfəətlə başa vurdu və müsbət tendensiyalar əldə etdi. Ötən ildə çalışdıq ki, müştərilərimiz üçün maksimum səviyyədə xidmət göstərək, biznes məhsullarını əlçatan edək və daha çox güzəştlər təklif edək.
Pandemiyadan zərər çəkən şəxslərin bank xidmətlərindən yararlana bilməsi üçün bir sıra güzəştlər etdik. Eyni zamanda zərər çəkmiş sahələrə dövlət hesabına subsidiyalı kreditlərin verilməsi üçün bankımız aktivlik göstərdi. "Rabitəbank" 2020-ci ildə maksimum çalışdı ki, sahibkarlara dəstək olsun. Ümumilikdə ötən il bankımız üçün səmərəli il oldu. Əsasən də biznes kreditlərinin satışında yüksək nəticələr əldə etdik. Hədəflədiyimiz satışa ilin yekununda tam nail ola bildik.
- Əsas hansı sektorlara kredit verirsiz və bu il üçün biznes kreditləşməsində hansı yeniliklərin olacağı gözlənilir?
- "Rabitəbank" olaraq respublikadakı qanunlara müvafiq fəaliyyət göstərən istənilən sahibkarla əməkdaşlıq edirik. Lakin bankımızın kreditləşmədə prioriteti istehsal sahələrinin genişləndirilməsi üçün verilən kreditlərdir. Eyni zamanda aqrar sahənin də inkişafına böyük töhfəmiz olub. Bu sahənin kreditləşməsində həmişə aktivlik göstərmişik və ölkədə Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) xətti ilə ən çox kredit verən banklardan biri də "Rabitəbank" olub.
Eyni zamanda AKİA ilə Dünya Bankının birgə layihəsi çərçivəsində də çalışırıq ki, bununla da aqrar sahənin inkişafına və kənd təsərrüfatında dəyər zəncirlərinin maliyyələşdirilməsinə kreditlərin ayrılmasında daha aktivlik göstəririk. Ötən il yalnız Dünya Bankının layihəsi ilə sırf kənd təsərrüfatı sektoruna 5 milyon manatdan çox vəsait yerləşdirmişik.
Ölkə başçısının 6 dekabr 2016-cı il fərmanı ilə Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair strateji yol xəritəsi təsdiq edilib. Biz də "Rabitəbank" olaraq ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dəstək məqsədilə fondlarla sıx əməkdaşlıq edirik və sahibkarlara 5 %-dən başlayan uzunmüddətli kreditlər təklif olunur ki, bu da aqrar sahənin inkişafına böyük dəstək olur. Bu il üçün də aqrar sektorla istehsal sahələrinə kredit ayrılmasına daha çox önəm verilir. Bu il bizim strategiyamız kənd təsərrüfatı sahəsində dəyər zəncirinin maliyyələşdirilməsidir və bu sahəyə böyük diqqət göstərməyi planlaşdırırıq. Bu, kiçik fermerdən ixracatçıya qədər olan şəxslərin hər birinin eyni zamanda dəyərləndirilməsi və maliyyələşdirilməsi məhsuludur. Bu məhsul da artıq müştərilərin istifadəsinə verilib.
- Regionlarda kiçik və orta sahibkarlığın inkişafına dəstək olaraq hansı addımlar atılır?
- Kiçik və orta biznesin maliyyə əlçatanlığının artırılması məqsədilə "Rabitəbank" regionlarda sahibkarlarla ötən illərdə görüşlər keçirib. Maliyyə əlçatanlığı üçün tədbirlərdə sahibkarlara biznes kreditləri haqqında, eyni zamanda dövlət fondların kreditləri, onların alınması prosesləri və şərtləri haqqında təqdimatlar keçirilib. Hazırda pandemiya səbəbilə bu görüşləri kütləvi şəkildə edə bilmirik, yalnız individual olaraq müştərilərlə görüşə bilirik. Karantin qadağaları götürüldükdən sonra yenidən eyni qaydada sahibkarlarla görüşlərin keçirilməsi, yerlərdə müştərilərin güzəştli kreditlərin şərtləri ilə tanış edilməsi planlaşdırılır.
- Bu yaxınlarda bazara yeni məhsulunuzu təqdim etdiniz. Söhbət invoysların və sifarişlərin maliyyələşdirilməsindən gedir. Bu barədə bir qədər daha ətraflı məlumat verərdiniz.
- Ötən il pandemiya dövründə sahibkarların bizneslərində durğunluq yarandığı üçün bəziləri maliyyə resurslarının alınmasında qərarsız idilər. İndiki dövrdə isə sahibkarlar ucuz və daha rahat ala biləcəkləri kreditlərə əl atmağa çalışırlar. Buna görə də biz sahibkarlar üçün yeni bir məhsul hazırladıq. Bu da invoysların və sifarişlərin maliyyələşdirilməsi kredit məhsuludur ki, çox az sayda bankda təklif olunur.
İnvoysların və sifarişlərin maliyyələşdirilməsi məhsulumuz bank sektorunda yeni bir məhsuldur. Müştərilər bir çox hallarda məhsullarını satış etdikdən sonra invoys əsasında 60 gün müddətinə qədər geri alırlar. Bu səbəbdən müştərilərdə maliyyə sıxıntıları yarana bilər. Biz müştərilərimizin həmin invoyslarını maliyyələşdiririk. İnvoysların 90 %-i qədərində vəsaiti onlara kredit kimi 90 gün müddətinə rəsmiləşdiririk. Faiz dərəcəsi isə 12 %-dən başlayır. 90 gün müddətinə kreditlər verilir və müştərilər invoys üzrə debitor borcunu öz müştərisindən aldıqdan sonra kredit borcuna yönləndirir və kredit borcu silinir.
Digər məhsulumuz isə sifarişlərin maliyyələşdirilməsidir ki, bu da aşağı faizlə verilir. Faiz dərəcəsi 14 %-dən başlayır və müştərilərimiz öz alıcılarından iri həcmdə sifarişlər aldıqları təqdirdə həmin sifarişi təmin etmək üçün öz resursları olmadıqda bizə müraciət edə bilərlər. Bu zaman müştəri sifariş orderini bizə təqdim edir və biz həmin sifarişin 90 %-ni maliyyələşdiririk. Müştərimiz öz alıcısına məhsullarını təhvil verdikdən sonra "Rabitəbank"dan hesabını alanda həmin borcu silinir və kreditimiz 6 ay müddətinə verilir. Bu kreditlər sürətlidir və təminatsızdır.
- Bu il kredit faizlərində hər hansı dəyişiklik gözlənilirmi?
- Biz daima kredit faizlərinin təyin edilməsi üçün bazar araşdırmaları aparırıq. Hər zaman çalışmışıq ki, bazarda ən aşağı faizlərdən biri də bizim bankın təklif etdiyi faizlər olsun. Bildiyimiz kimi faizləri banklar deyil, bazar özü tənzimləyir. Resursların maya dəyəri nə qədər aşağı olarsa biz də kreditlərimizi bir o qədər aşağı faizlə verməyə çalışırıq. Mütəmadi olaraq kampaniyalar keçiririk. Yenə də kampaniyaları nəzərdən keçirəcəyik və bazara aşağı faiz dərəcələri ilə kreditlər təklif olunacaq.
Onu da qeyd edim ki, "Rabitəbank"ın sırf xanımlar üçün nəzərdə tutulmuş kredit məhsulu var ki, onun da faiz dərəcəsi bu ay 14,9%-dən 12,9 %-ə endirildi. Kreditin maksimal məbləği bir milyon manatdır, komissiya faizi isə yoxdur. Bu, Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün hazırlanmış bir məhsuldur. Bu məhsulu bazara ölkəmizdə ilk olaraq "Rabitəbank" təqdim edib.
- 2021-ci il üçün gözləntiləriniz nələrdən ibarətdir?
- Pandemiya bitərsə, bank sektorunda çox böyük canlanma olacaq. Çünki durğunluq yaşamış sahibkarlar çətinliklərini aradan qaldırmaq üçün daha aktiv olacaqlar. Bu təqdirdə banklara maliyyə üçün müraciətlər daha çox olacaq. Biz də buna hazırlaşırıq. Müştərilərimizin rahatlığı üçün yeni məhsullar hazırlanır.
Bu gün dünya rəqəmsallaşmaya doğru gedir. Bankımızın da konsepti rahat bankçılıq olduğuna görə müştərilərimizin rahat və əlçatan məhsullardan yararlanması üçün tədbirlər planı hazırlamışıq və bankımızın da strateji yol xəritəsi var. Onun bəndlərindən biri də biznes məhsullarının digitallaşmasıdır. Bunun üçün də hazırlıqlar görülür və yaxın zamanlarda müştərilərimizə məsafədən bank hesablarının açılması xidməti təqdim olunacaq. Artıq bu proses yekunlaşmaq üzrədir. Sahibkarlar öz ofislərini tərk etmədən internet üzərindən bankımızda hesab aça və müştərimiz ola biləcəklər. Bundan sonra isə internet bankçılıq vasitəsilə məsafədən öz köçürmələrini edə biləcəklər.
Bununla yanaşı bankımızda biznes kreditlərinin internet üzərindən sifariş olunması və rəsmiləşdirilməsi layihəsi də hazırlanır və bu da yaxın zamanlarda müştərilərimizə təqdim olunacaq. Yenə də müştərilər müxtəlif əməliyyatları məsafədən internet bankçılıq vasitəsilə yerinə yetirəcəklər.