“Günay Sığorta” şirkətinin idarə heyətinin üzvü Səidə Fətullazadə Türkiyənin Turcomoney iqtisadiyyat jurnalına müsahibə verib.
Fins.az həmin müsahibəni təqdim edir:
Azərbaycanda sığorta sektorunun inkişafı və bu gün gəldiyi nöqtəni necə dəyərləndirə bilərsiniz?
Azərbaycanda Sığorta sektoru yeni və inkişafda olan sahədir. Ümumi olaraq son illər sığorta sahəsində daha çox ümumi artımın həyat sığortasından olduğunu görərik. Beynəlxalq müqayisədə Azərbaycan bir çox postsosialist ölkələrindən geri qalır. Könüllü qeyri həyat sığortasında yeni Sığorta növləri bazarda aktual olmağa başlayır. İcbari sığorta isə sabit templə artır. Xidmətlərin mühüm hissəsi rəqəmsallaşmayıb. Sektorun artım potensialı böyükdür və effektiv təbliğat, maarifləndirmə işləri gedərsə sığorta bazarı yüksək templə inkişaf edər.
"Günay Sığorta" Şirkəti nə vaxt yarandı? Şirkətiniz haqqında məlumat verə bilərsiniz? Məhsullarınız və xidmətləriniz haqqında bildiriş verərdiniz.
"Günay Sığorta" Azərbaycanın ilk özəl Sığorta şirkətidir. "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. Türkiyənin ən böyük sığortaçılarından olan «Anadolu Sığorta» şirkəti ilə 20 ilə yaxın birgə fəaliyyət göstərmişdir. Dünyanın tanınmış sığorta və təkrar sığorta şirkətlərindən olan "Zurich", "Allianz Türkiye", "İnqosstrach", "Azre Təkrarsığorta" və s. kimi böyük şirkətləri ilə əməkdaşlığını davam etdirməkdədir. 19 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir.
Azərbaycanda sığorta şirkətlərinə maraq nə qədərdir? Hansı sğorta növü daha inkişaf edib?
Bakıda bir müddət ticarət mərkəzlərində, fabriklərdə baş verən yanğın hadisələri bizneslərdə sığortaya ayrılmalı olan məbləğin nə qədər əhəmiyyətli olduğunu sübut etdi. Sahibkarlar o hadisələrdən sonra daha aktiv Sığorta məhsulları ilə maraqlanmağa başladılar. Azərbaycanda qeyri həyat sığortası üzrə avtomobil sığortası, əmlak sığortası, səyahət sığortası, tibbi Sığorta məhsulları aktiv istifadə olunan məhsullardır.
2019, 2020-ci illəri müqayisə edə bilərik? Şirkətin yığımları, bazar payı ilə bağlı məlumat verərdiniz.
2019-cu illə müqayisədə 2020-ci il şirkətimiz üçün daha uyğurlu il oldu. Yığımlarımız 2 milyona yaxın artdı. Pandemiya vaxtında bizneslərin zəiflədiyini və gəlirliyin azaldığını nəzərə alsaq ümumi olaraq Sığorta sektoru üçün 2020-ci il uğursuz keçmədi. 2020-ci il ən çox Səfər sığortası məhsulunun yığımına zərbə vurdu. Ölkələrarası gediş-gəlişin məhdudlaşdırılması və sonradan dayandırılması səfər sığortasına olan tələbatın kəskin azalması ilə nəticələndi. İlin əvvəlində “Daşınmaz əmlakın icbari sığortası”nda yaranmış kütləvi artım, kənd təsərrüfatı sığortasının inkişafı bazarı aktivləşdirdi.
Şirkətin filialları və satış nöqtəsi ilə bağlı məlumat verərdiniz. Azərbaycanda nə qədər filiallarınız var?
Azərbaycanda baş ofisdən əlavə 11 filial və 100-dən artıq satış nöqtəmiz fəaliyyət göstərir. Sevinc hissi ilə bildirmək istəyirəm ki, 2021-ci ildən etibarən, işğaldan azad olunmuş torpaqlarımızda da yeni filiallarımız açılacaq.
Sığorta sektorunda rəqabəti necə dəyərləndirərsiniz? Şirkətlərin bazar payı sizi qane edirmi?
Hal hazırda Sığorta sektorunda güclü rəqabət yoxdur. Şirkətlərin əksəriyyəti öz bazar payını götürüb hər il müəyyən miqdar artım etməklə kifayətlənirlər. Amma bazarın potensialı böyükdür. 2020-ci il yeni risklərlə yadda qaldı. Bu risklər üçün həm fiziki, həm hüquqi şəxslərə yeni Sığorta məhsulları hazırlamaq olar. Hələ də könüllü Sığorta növlərinə maraq yüksək səviyyədə deyil. İcbari sığortalardan əlavə könüllü Sığorta növlərinə maraq çoxalarsa və bəzi icbari Sığorta növlərində nəzarət mexanizmi təkmilləşərsə sığorta bazarı tam inkişaf edər.
2021-ci illə bağlı planlarınız nələrdir?
2021-ci ildə Sığorta şirkətləri işğaldan azad olunmuş torpaqlarımızda yeni filiallarla xidmət göstərəcək. Pandemiyanın yaratdığı təsirlər nəticəsində ümid edirəm bazara yeni Sığorta məhsulları daxil olacaq. Pandemiya bitərsə bəzi Sığorta məhsullarında kütləvi artım yaranacaq. Həmçinin yerli sığorta bazarı Türkiyə sığorta bazarı ilə əməkdaşlıq etməyə başlayıb və qardaş ölkənin təcrübəsinin ölkəmizin Sığorta bazarına çox faydalı olacağından əminəm.
Tuncay Türbəndəzadə