MÜSAHİBƏ

18 Yanvar

Elnar Rzazadə: Koronavirusa görə nağd maşın alanlar azalıb - MÜSAHİBƏ

İş adamı və avtomobil üzrə mütəxəssis Elnar Rzazadə Fins.az müsahibə verib.

Həmin müsahibəsini təqdim edirik:

Maşın bazarında hansı avtomobillərə maraq artıb ?

Son günlərdə ölkə üzrə 92 oktanlı benzin və dizel yanacağınının qiyməti artdığına görə təbii ki, yanacaq sərfiyyatı az olan avtomobillərə tələbat artıb. Ölkəmizdə elektriklə çalışan avtomobillər geniş yayılmadığından hələ ki, onun haqqında fikir söyləmək doğru deyil. Lakin bu həmin avtomobillərə də marağın artmasına səbəb olub.

Yanacağın qalxması avtomobil bazarına necə təsir edib?

Avtomobil bazarında hərəkətlilik və durğunluq mütəmadi olaraq baş verir. İlin əvvəlində bu sahədə adətən durğunluq olur. Yanacağın qiymətinin artması isə seqment olaraq dəyişikliyə səbəb olacaq deyə bilərik. Belə ki, dizelin də qiymətinin artmasına baxmayaraq dizel mühərrikli avtomobillər yanacağı nisbətən az sərf etidiyinə görə ona olan tələbat da birmənalı olaraq artacaq.

Hibrid maşınlara maraq artıbmı?

Hibrid mühərrikli avtomobillər ekoloji və iqtisadi cəhətdən sərfəli olsalar da, ölkəmizdə mütəxəssis azlığı səbəbindən artım tempinə mənfi təsir edir. Lakin adıçəkilən avtomobillər dünya üzrə artıq geniş yayıldığından ölkəmizdə də onlarına alıcıları o qədər də az deyil.

Pandemiyaya görə kreditlə maşın alanlar azalıbmı?

Hal-hazırda bank sektorunda çalışmadığımdan bu suala bir tərəfli cavab verməli olacağam. Fikrimcə bu əksinədir. Yəni pandemiya iqtisadi cəhətdən əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir etdiyindən nağd alışların da sayı azalıb. Bu isə faiz nisbəti olaraq kreditlə alışların sayına müsbət təsir edib.

Tuncay Türbəndəzadə