MÜSAHİBƏ

23 Aprel

Əmək bazarının hədəfində olan ixtisaslar

Yaşar Ömərov: "Bu proqramlar kollec səviyyəsində mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasına xidmət edəcək” 

Nazirlər Kabineti orta ixtisas təhsili (kolleclər) üzrə ixtisasların yeni təsnifatını təsdiq edib. 2010-cu ildə - 10 il bundan əvvəl kollec ixtisaslarına təsdiq edilən təsnifat üzrə kadr hazırlığı yeni əmək bazarının diqtəsinə uyğun dəyişiklik tələb edib. Nəticədə yeni təsnifatda yer alan yeni ixtisaslar müasir əmək bazarının tələbləri, işəgötürənlərin təklifləri və rəyləri, ölkəmizdə orta ixtisaslı müasir kadrlara olan ehtiyaclar və beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyənləşdirilib. Həmçinin, yeni təsnifatda bir sira ixtisaslar birləşdirilib, bəzi yeni ixtisaslar əlavə olunub və uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb.  
Qeyd edək ki, yenilənmiş ixtisaslar üzrə qəbula 2021/22-ci tədris ilindən start veriləcək.Kolleclərə yeni ixtisaslar üzrə təsnifatlaşma nə vəd edir?  
Təhsil Nazirliyinin ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri Yaşar Ömərovla  müsahibəmizdə yeni təsnifatlaşmanın əhəmiyyəti barədə danışdıq.
- Yaşar müəllim, orta ixtisas təhsili (kolleclər) üzrə yeni təsnifatların müəyyənləşməsi hansı zərurətdən meydana gəldi?
- Bilirsiniz ki, həm ali təhsilin, həm də orta ixtisas təhsilinin ixtisaslarının təsnifatı müəyyən müddət keçdikdən sonra əmək bazarın tələblərinə uyğun olaraq dəyişir, yenilənir. Ötən 10 il ərzində yeni təsnifatın hazırlanmasına zərurət yaranıb. Buna bir neçə səbəb olub. Belə ki, ötən ilin fevral ayında Nazirlər Kabinetinin qərarı ilə ali təhsil pilləsinin bakalavriat səviyyəsi üçün ixtisasların yeni təsnifatı təsdiqləndi. Həmin ilin 20 may tarixində hökumətin qərarı ilə qanunvericilikdə dəyişiklik edildi və kolleci bitirən subbakalavrlar ali təhsil müəssisəsinin bakalavriat səviyyəsində təhsil almaq imkanı əldə etdilər. Yəni qəbul imtahanında iştirak etmədən ali təhsil müəssisəsinə qəbul olmaq imkanı qazandılar. Həm ali təhsildə ixtisas təsnifatının qəbul edilməsi, həm subbakalavrlara belə bir imkanın verilməsi artıq orta ixtisas təhsili ilə ali təhsilin bakalavriat səviyyələri arasında ixtisasların uyğunluğunun aparılmasını zəruri etdi. Ali təhsildə mövcud olan təsnifat kollecdə olan təsnifata uyğunlaşdırılmalı idi və bu proses başa çatdı. Üstəlik, subbakalavrların əldə etdikləri imkan, onlara ixtisas üzrə təhsili davam etdirmək şəraiti yaradır. Yəni tələbə kollecdə müəyyən ixtisas üzrə təhsilini başa vurubsa, həmin ixtisas üzrə də ali təhsil pilləsində təhsilini davam etdirə bilər. Yeni qərar, həmçinin, gələcəkdə orta ixtisas pilləsi üzrə xaricdə təhsil alanların ixtisaslarının ekvivalentliyinin müəyyən olunmasına, diplomlarının qarşılıqlı tanınmasına da şərait yaradacaq. 

- Təsnifatlaşmada bəzi müəllimlik ixtisaslarının çıxarılmasının səbəbi nədir?  
- Bilirsiniz ki, pedaqoji sahə, müəllimlik üzrə kadr hazırlığı nazirliyin prioritet sahələrindən biridir. Pedaqoji ixtisaslara, onların keyfiyyətinə böyük önəm veririk. Dünya təcrübəsini də araşdırmışıq və hesab etmişik ki, bu sahə üzrə kadr hazırlığı ali təhsil pilləsində aparılmalıdır. Bu baxımdan, 11 ixtisasdan 7-si çıxarılaraq, pedaqoji sahə üzrə ixtisasların sayı 5-ə qədər azaldılmış və bir yeni ixtisas da əlavə olunmuşdur.
- Tibb ixtisası nə üçün təsnifata daxil edilməyib?
- Ümumiyətlə, təsnifatda bütün dəyişikliklər işəgötürənlərin rəyi və təklifi əsasında hazırlanıb. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu üzrə müvafiq işçi qrupları var. İşəgötürənlər əmək bazarının tələblərini nəzərə alaraq belə qərara gəliblər ki, bu ixtisas qrupuna daxil olan bəzi ixtisaslar, məsələn, müalicə işi, bədən tərbiyəsi və idman ixtisasları pedaqoji ixtisaslarda olduğu kimi ali təhsil pilləsində aparılsa, daha məqsədəuyğundur və yaxud, bu ixtisaslara tələbat olmadığına görə, ümumiyətlə, çıxarılması daha yaxşı olar. Bu səbəbdən, bu ixtisas qrupundan 8 ixtisas çıxarılmışdır.
- Kənd təsərrüfarı sahəsi üzrə ixtisaslara çox yer verilməsində hansı amillər nəzərə alınıb?  
-Təbii ki, bu seçim də əmək bazarına uyğunlaşdırılıb və işəgötürənlərin rəyləri nəzərə alınıb. Kənd təsərrüfatı ixtisasları qrupu bu təsnifatda olan 7 ixtisas qrupundan biridir. Və yeganə ixtisas qrupudur ki, yeni təsnifatda ixtisasların sayı azalmayıb, əksinə artıb. Əvvəllər bu ixtisas qrupunda 8 ixtisas vardı, hazırda isə sayı artırılaraq 13-ə çatdırılıb. Bunun da səbəbi ölkədə kənd təsərrüfatı sahələrinin inkişaf etməsi ilə bağlıdır. Bu baxımdan, təsnifata pambıqçılıq, ipəkçilik, bağçılıq və tərəvəzçilik, aqroturizm, su bioehtiyatları və akvakultura, hidromeliorasiya və torpaq mühafizəsi, və s. ixtisaslar əlavə olunub. Bu sahələrin hamısı ölkə iqtisadiyyatı üçün vacib olduğuna görə, təsnifata daxil edilib. Digər tərəfdən, pambıqçılıq və ipəkçilik sahəsində ölkə başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş xüsusi Dövlət Proqramları var. Yeni təsnifatın hazırlanmasında bu amil də nəzərə alınıb. 

Həmçinin, texniki və texnololji ixtisaslar əhəmiyyətli şəkildə yenilənib. Kompüter sistemləri, telekommunikasiya şəbəkələri və s. təsnifata daxil edilib, bəzi ixtisaslar isə ümumiyyətlə çıxarılıb.

- Beynəlxalq təcrübə nəzərə alınaraq təhsil ixtisaslarına inklüziv təhsil ixtisası əlavə olunub. Bu ixtisas bizim təhsil pilləsində ilkdirmi? 
- "İnklüziv təhsil” adlı ixtisas dünya təcrübəsinə əsaslanaraq təsnifata daxil edilib. Bilirsiniz ki, inklüziv təhsil sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb olunmasını, istər sağlam, istərsə də sağlamlıq imkanları məhdud olan uşaqların bərabər təhsil alma hüquqlarını təmin edir və bu, cəmiyyətdə sosial bərabərliyin qorunmasına, əlil uşaqların təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaradır. İnklüziv təhsilin inkişafı həmişə dövlətin diqqət mərkəzində  olub, xüsusilə, son zamanlar bu diqqət bir az da artırılıb. Belə ki, bu sahənin inkişafı üçün xüsusi layihələr həyata keçirilir. Bundan başqa, sağlamlıq imkanları məhdud şəxslərin ümumi təhsil müəssisələrində inklüziv mühitdə təhsilinin təşkili məqsədilə Azərbaycan  Respublikasının Prezidentinin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə "2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi olan şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib və həmin dövlət proqramında bu sahənin inkişafı ilə bağlı müəyyən tapşırıqlar verilib. Qeyd olunanları nəzərə alaraq, orta ixtisas təhsili pilləsində inklüziv təhsil üzrə kadr hazırlığının aparılması qərarına gəlinib və müvafiq ixtisas təsnifata daxil edilib. 
- Ümumilikdə təsnifatda neçə yeni ixtisas yer alıb?  
- Köhnə təsnifatda 159 ixtisas var idi. Hazırda ixtisasların sayı 141-ə qədər azaldılıb. Bu təsnifatı Təhsil Nazirliyinin formalaşdırdığı işçi qruplar işəgötürənlərin rəy və təklifi əsasında hazırlayıblar. Dünya təcrübəsinə də istinad olunub. Məsələn, ixtisasların adları dünya təcrübəsinə uyğunlaşdırılıb. Bəzi ixtisaslar birləşdirilib, bəziləri isə çıxarılıb. Burda da əmək bazarında həmin ixtisasa tələbatın olmaması əsas götürülüb. 
- Elə ixtisaslar varmı ki, dünya təcrübəsində yer alıb, amma bizdə ona uyğun əmək bazarı yoxdur?
- Əgər əmək bazarında hər hansı ixtisasa tələbat yaranarsa, o zaman aidiyyəti dövlət qurumu və ya müvafiq kollec bizə müraciət edir. Ümumiyyətlə, belə müraciətlər işəgötürənlər, dövlət qurumları tərəfindən olur. Və yaxud bu tələbat ali təhsil səviyyəsində yarana bilir. Biz onlarla birlikdə araşdırır, hökumət qarşısında vəsatət qaldırırıq və ondan sonra həmin ixtisas təsnifata əlavə olunur.
- Deməli, yeni ixtisasların yaranması və təsnifata əlavə olunması üçün daha 10 il gözləmək lazım gəlməyəcək... 
 - Əlbəttə. Ola bilər, bir və ya iki ildən sonra orta ixtisas təhsili pilləsinin təsnifatına 3-5 ixtisas əlavə olunsun. Təbii ki, bu, əmək bazarının təlabatından asılı olacaq.
- Yeni ixtisaslar üzrə təhsil proqramları necə hazırlanacaq? Beynəlxalq təcrübə əsas götürüləcək? 
- Təhsil proqramlarının hazırlanması zamanı hər sahə üzrə müvafiq işçi qrupları formalaşdırılacaq. Həmin işçi qruplarına tapşırıq veriləcək ki, proqramları hazırlayanda dünya təcrübəsinə istinad etsinlər və əmək bazarının tələblərinə uyğunlaşdırsınlar. Bu proqramlar kollec səviyyəsində mütəxəssis hazırlığının keyfiyyətinin artırılmasına xidmət edəcək. Bütün ixtisaslar üzrə hazırlanacaq yeni təhsil proqramlarında normativ müddəti 2 il nəzərdə tutulacaq, yalnız tibb ixtisasları istisna olmaqla. Artıq kollec məzunu iki il təhsil aldıqdan sonra təhsilini rahat şəkildə ali təhsil pilləsində davam etdirə bilsin. Və yaxud iki il kollecdə təhsil almaqla əmək bazarına daha tez çıxışı təmin edəcək. Bu çeviklik kadr hazırlığına daha müsbət təsir göstərəcək.