Bu gün dünyanın əsas mövzusu koronavirusa qarşı aparılan mübarizədir. Azərbaycanda Rusiyaya nisbətən daha erkən karantin və özünütəcrid tətbiq edilib. Qırğızıstanda bu yaxınlarda əlahiddə tədbirlərə əl atılıb (yəqin ki, haqlıdırlar - red.).
Media.Az bu məsələlərlə bağlı RF Federal Məclisinin Dövlət Dumasının Təbii Ehtiyatlar, Mülkiyyət və Torpaq Münasibətləri Komitəsinin sədri Nikolay Nikolayevlə söhbət edib.
- Koronavirus ümumi qorxuya səbəb olub. Bu, nə dərəcədə özünü doğruldur?
- Şəxsi fikrimi bildirəcəyəm. Çox şeyi bilmirik, məlumat asimmetriyası şəraitində yaşayırıq. Buna görə, bu və ya digər hadisələrin real riskini və nəticələrini qiymətləndirə bilmirik.
Biz “görünməz düşmən” olan koronavirusla mübarizə aparırıq. Əvvəllər atipik pnevmoniya, “quş qripi” və başqa xəstəliklər olub. Ancaq indi hamı qorxu içindədir. Aydındır ki, mövcud vəziyyət siyasətə və iqtisadiyyata təsir göstərir. Bu, qar topası kimidir. Biz siyasətçilərin və iş adamlarının önəm verdikləri ictimai rəydən çox asılıyıq. Lakin onlar bunu obyektiv məlumat kimi qəbul etmirlər. Hər kəs onlardan gözlənildiyi tərzdə davranmır.
Axı, korporasiyanın direktoru çıxıb deyə bilməz ki, uşaqlar, bu cəfəngiyyatdır, gəlin hamımız işimizə davam edək. Hətta haqlı olsa belə, heç kim onu anlamaz. Məlumatın azlığı və ictimai rəyin formalaşması səbəbindən sinerjik effekt meydana gəlir. Bu, göz qabağındadır.
Lakin artıq baş verənlərə qayıtmaq lazımdır, olduqca ciddi nəticələr var. İnsanlar özlərini təcrid edir, işlərini dayandırmaq məcburiyyətində qalırlar. Əhalinin gözlədiyi tədbirlərin hakimiyyət tərəfindən həyata keçirilməsinə baxmayaraq, şirkətlər bağlanır, sənayelər zərərə uğrayır.
Eyni zamanda, qlobal iqtisadi artım tempi dayanır. Bu, hərəkət edən, sonra tədricən dayanmağa başlayan böyük qatar kimidir.
Ciddi siqnaldır. Ancaq ölkələrimiz (postsovet məkanı - red.) və işgüzar münasibətlərə gəlincə, anlamalıyıq ki, hər hansı böhran həm də yeni fürsətdir. İqtisadiyyatın inkişafına kömək etməliyik.
- Nəyi nəzərdə tutursunuz?
- Biz “rəqəmsallaşma” haqqında çox şey eşitmişik. İndi hamısını istifadə etməyin vaxtıdır. Sahibkarlara yeni texnologiyalardan istifadə imkanı verilməlidir. Dünyaya baxışın qavrayışının və imkanların yenidən nəzərdən keçirilməli olduğu dövr gəlib.
- Bəs təbii ehtiyatların mövcudluğu hər bir ölkə üçün xeyirdirmi?
- Hər bir ölkənin sahib olduğu təbii sərvətlər, sözsüz ki, çox vacibdir. Ancaq daha vacib olan insan ehtiyatlarıdır, bu isə bizdə var.
Təbii ehtiyatlara qayıtsaq, bu, bizim təməlimizdir. İndi həmin mənbələrdən istifadənin səmərəliliyi barədə düşünməli olduğumuz zamandır. Biz servis xidmətlərinə öyrəşmişik, amma bu, əsas deyil. Restoranlar bağlandı və həmin sənaye sahəsi dərhal dağıla bilər. Klublar və hətta muzeylər bağlanır.
Ölkələrimiz uzunmüddətli resurslardan məhrum edilə bilməz. Bununla qürur duymalı və bundan istifadə etməliyik. Ən əsası, insanları unutmamaq lazımdır.