"Standard Insurance" sığorta şirkətinin sədri Kamran Babayevin Fins.az-a verdiyi müsahibəni təqdim edirik
Sığorta bazarında bəzi şirkətlər 2006-cı ildən aşağı olan avtomobilləri sığortalamırlar. Əksər şirkətlər isə istehsal tarixi 2008-ci ildən yuxarı olan avtomobilləri sığortalamağa razılıq verirlər. Bu barədə nə deyə bilərsiniz?
Sığorta şirkətləri öz daxili statistikalarına əsasən qərar verirlər. İli köhnə olan avtomobillərin sığortalanmasında hadisənin baş vermə ehtimalı çoxdur, çünki taksi fəaliyyəti ilə məşğul olanlar bu kateqoriyada daha çoxdur. Statistika onu göstərir ki, ən çox hadisə törədən avtomobillər məhz ili köhnə olan avtomobillərdir. Avtomobilləri çox təhlükəli idarə edirlər, bununla da hadisənin baş verməsinə səbəbkar olurlar. Nəticədə belə idarə etmə həm bu avtomobillərdə sərnişin kimi əyləşən, həm də digər avtomobillərdə olan sərnişinlər və piyadalar üçün həyatı təhlükədir. Onu da qeyd edim ki, sürücülərdə daha ehtiyyatlı idarə etmə mədəniyyətini yaratmaq üçün məhz sığorta mexanizmindən faydalanmaq olar. Bir çox hadisə törədən avtomobillərin və ya hərəkətlərində ciddi yol nəqliyyat qaydalarının pozuntusu olan, avtoxuliqanlıq edən sürücülərə münasibətdə avtomobillərin icbari sığortası üzrə sığorta haqlarını yetərincə artırmaqla yol nəqliyyat hadisələrini azaltmaq mümkündür. Həmçinin ili köhnə avtomobillərin qiyməti aşağı olduğundan, sığorta haqqı da nisbətən aşağı olur, lakin təmir zamanı xərclər çox olur.
Kasko hansı halda məbləği ödəmir?
Qanunvericiliklə və sığorta qaydaları ilə nəzərdə tutulan hallarda. Bir neçə əsas məqamlara diqqət verək: avtomobili idarə edən şəxs qanuni əsaslarla idarə etməlidir (yəni sənədləri qaydasında olmalıdır), alkoqol, narkotik maddələrin təsiri altında olmamalıdır. Baş vermiş hadisə haqqında səlahiyyətli dövlət orqanına və sığorta şirkətinə mümkün olan ən qısa müddət ərzində məlumat verməlidir və s.
Hazırda bir çox sürücülər hələ də kasko və icbari sığortanın fərqini tam anlamır. Bunun səbəbi nədir?
Bunun səbəbi sığorta əhalidə sığorta biliklərinin olmamasıdır. Son zamanlar vəziyyət müsbətə doğru gedir. Nəzarət orqanı, İSB və ASA tərəfindən kifayət qədər maarifləndirilmə işləri aparıldı. Amma bu işlər davam etdirilməlidir. Bölgələrdə sığorta məsələləri ilə bağlı vəziyyət daha pisdir.
Kasko sığorta könüllü və nisbətən bahalı olduğu üçün sürücülərin bir o qədər də maraq göstərmir. Bunun həllini nədə görürsünuz?
Birincisi onu deyim ki, bahalı demək doğru deyil. Hər məhsulun öz qiyməti var. KASKO sığortası geniş sığorta təminatı verir və təminata uyğun da qiyməti var. Əslində “bahalı” dediyimiz sığorta haqqını ödəməklə, vətəndaş özünü gələcəkdə baş verə biləcək böyük itkilərdən qoruyur. Amma onu da qeyd edim ki, elə vətəndaşlar var ki, avtomobillərini tam məbləğə sığortalamaq istəmirlər. Bunun üçün sığorta şirkətləri qiyməti aşağı olan limitli KASKO sığorta məhsulları təklif edirlər. Sadəcə vətəndaşlara KASKO sığorta növünün faydasını izah etmək lazımdır.
Avtomobilin bazar dəyəri necə ölçülür?
Avtomobillərin bazar dəyəri onların orta bazar qiyməti kimi götürülür. Bunun üçün müxtəlif saytlardan, avtomobil bazarında olan qiymətlərdən istifadə olunur.
Hansı avtomobillərə, belə deyək də, kasko düşmür?
Belə bir qadağa yoxdur. Bu hər bir sığorta şirkətinin daxili siyasətindən asılıdır. İllərə görə məhdudiyyət ola bilər, fəaliyyət növünə görə məhdudiyyət ola bilər və digər.
Tuncay Türbəndəzadə