Son zamanlar ölkədə kiçik və orta sahibkarlığın inkişafına böyük önəm verilir. Sahibkarların daha səmərəli və şəffaf işləməsi üçün bütün zəruri şərait yaradılır. Sahibkarlığın və biznesin inkişafı üçün dayanıqlı maliyyələşmə kanalının olmasına ehtiyac vardır. Bəs, özünə maliyyə tərəfdaşı seçən sahibkar, əsasən hansı meyarlara fikir verməlidir? Banklar biznes krediti ayırarkən əsasən hansı meyarlara fikir verirlər? Bu sualların cavabını tapmaq üçün Kapital Bank-ın Kiçik və orta sahibkarlarla iş departamentinin direktoru Nəsimi Xasıyev ilə görüşdük.
Ölkədə kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşməsi üçün biznes kreditlərinin əlçatanlığının artırılması vacib şərtlərdən biri hesab olunur. Kapital Bank-ın təklif etdiyi biznes kreditləri sahibkarlar üçün nə qədər əlçatandır?
- Kapital Bank son vaxtlarda ölkədə kiçik və orta sahibkarların maliyyə əlçatanlığının artırılması istiqamətində bir çox layihələrə imza atmaqda davam edir və sahibkarların bank ehtiyaclarının qarşılanması istiqamətində biznes overdraftlar, qarantiyalar, ticarət əməliyyatlarının maliyyələşdirilməsi və bir sıra çoxçeşidli bank məhsulları təklif edir. Həmin bank məhsullarından biri də bankın öz sahibkar müştərilərinə təqdim etdiyi biznes kredit və kredit xətti məhsuludur. Kapital Bank öz daxili vəsaiti ilə yanaşı, sahibkarlara müxtəlif dövlət fondlarının vəsaitləri hesabına güzəştli şərtlərlə kredit əldə etmək imkanı verir. Belə ki, sahibkarlar, qeyri-neft sektorunun, kənd təsərrüfatının və s. sahələrin inkişafına təkan verəcək layihələrinin maliyyələşdirilməsi üçün illik 5% dərəcəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun vəsaiti ilə kredit, illik 7% dərəcəsi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti ilə kredit və subsidiya, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət fondunun verdiyi zəmanət və faizlərin subsidiyası imkanlarından Kapital Bank-a müraciət edərək yararlana bilərlər. Sürətli maliyyə təhlili, peşəkar qərarvermə proseduru və çevik sənədləşmə prosesi müştərilərimizin məmnunluğuna istiqamətlənmiş üstünlüklərimizdən hesab olunur.
Prezident İlham Əliyev də banklara sahibkarlar tərəfindən təqdim edilən əmlak girovları ilə bağlı mövcud problemləri qaldırmışdı. Kapital Bank regionlarda yerləşən əmlakların girov kimi qəbul edilməməsi sahəsində olan problemləri aradan qaldırmaq üçün hansı addımların atılmasını zəruri hesab edir?
-İlk öncə məlumat üçün qeyd etmək lazımdır ki, kredit verilib-verilməməsi barədə qərarın qəbul edilməsi üçün müştərilərin təminatlılıq səviyyəsi ilə yanaşı, onun maliyyə göstəricilərinin və ödəniş qabiliyyətinin yetərli olması başlıca şərtdir. Belə ki, müştərinin biznesinin maliyyə dayanıqlığı və gəlirlilik səviyyəsi, eyni zamanda, kreditin təyinatının və layihənin uğurlu olmasına inam səviyyəsi yüksək olduğu təqdirdə, regionlardan təklif olunan təminatlara münasibətdə Bakı və ətraf ərazilərdəki girovlarla eyni yanaşma tətbiq edilir. Digər sözlə ifadə etsək, yalnız təminatlılıq səviyyəsinin yüksək olması, kreditin verilməsi üçün əsas deyil. Əsas olan, müştərinin sağlam maliyyə vəziyyəti və iqtisadi cəhətdən əsaslandırılmış layihənin olmasıdır. Kapital Bank biznes kreditlərin təminatı kimi təklif olunan və mülkiyyəti hüquqi şəkildə təsbit olunmuş mənzil, qeyri-yaşayış sahələri, fərdi yaşayış evləri və torpaq sahələrinə üstünlük verir. Daşınmaz əmlak girovlarının bütün növlərinin təminat kimi qəbul edilə bilməsi imkan verir ki, nəinki Bakı və ətraf ərazilərdən, eyni zamanda, bütün regionlarda yerləşən və likvidliyi yüksək olan girovları biznes kreditlərin təminatı qismində qəbul edək. Bu isə, biznes kredit əldə etmək istəyən sahibkarların təminat sıxıntısını nəzərəçarpacaq dərəcədə azaltmış olur.
Azərbaycanda biznes kreditlərinə əsas maneələr hansılardır?
-Əfsuslar olsun ki, Azərbaycanda sahibkarlıq subyektlərinin bir çoxunda hesabatlılıq ya ümumiyyətlə mövcud deyil, ya da hesabatlılıq səvviyəsi çox aşağıdır. Maliyyə hesabatlılığının yetəri səviyyədə olmaması kredit təşkilatlarına sahibkarların maliyyə göstəricilərinin real qiymətləndirilməsinə imkan vermir, bu isə öz növbəsində sahibkar haqqında səhv qərarların qəbul edilməsinə gətirib çıxarır. Digər tərəfdən, bəzi sahibkarlar nəzərdə tutduqları layihələrin iqtisadi əsaslandırılmasını, layihənin özünü ödəmə müddətini düzgün qiymətləndirmir, layihənin iqtisadi faydasını və gəlirlilik səviyyəsini hesablamır. Nəticədə sahibkar, iqtisadi səmərəsi böyük olmayan layihələrə yatırım edib, layihənin uğursuzluq riskini artırmış olur və bu da sonda kreditin geri ödənilməsini şübhə altına almış olur.
Əlavə olaraq, kreditin ödənilmədiyi hallarda məhkəmə və icra proseslərinin uzun çəkməsi ipotekaya qoyulmuş əmlakların bank tərəfindən alınması, realizasiya müddətini uzadır ki, bu da bankların kreditin verildiyi vaxt daha diqqətli, ehtiyatlı yanaşmanı tətbiq etməsi nəticəsini doğurur.
Azərbaycanda banklar nə üçün kiçik və orta sahibkarlıq subyektlərinə az etibar edir? Bu sahədə çox nəzərə çarpmayan amma banklara məlum olan əsas problemləri səsləndirməyinizi istərdim.
-Bu fikrin tam əksinə olaraq qeyd etmək istərdim ki, hazırda banklar real sektorun inkişafını daim diqqət mərkəzində saxlayır və real sektorun maliyyələşdirilməsinə maraq banklar tərəfindən günü-gündən artmaqda davam edir. Ölkə başçısının bankların real sektora diqqətin və maliyyələşmənin artırılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələr də bu canlanmaya öz müsbət təsirini verir.
Deyilənlərin sübutu olaraq, Kapital Bank, kiçik və orta sahibkarlar üçün “İşinizin bir parçasıyıq” adlı layihəyə start vermişdir. Layihə çərçivəsində bankda kiçik və orta sahibkarlıq seqmentinə xidmət göstərmək üçün yeni departament yaradılmış və işçi heyəti sürəltə böyüməkdə davam edir. Əlavə olaraq, bankımızda kiçik və orta sahibkarlara xidmət göstərilməsi üçün korporativ filiallar, 8 biznes mərkəzi və hər bir sahibkara individual yanaşmanı özündə ehtiva edən fərdi müştəri meneceri xidməti yaradılıb. Xidmət səviyyəsinin yüksəldilməsi tədbirləri ilə yanaşı, layihə çərçivəsində Azərbaycan bank bazarı üçün yeni sayıla biləcək və yuxarıda adlarını sadaladığım ticarət əməliyyatlarının maliyyələşməsi, biznes overdraft, tarif paketləri, yeni nəsil smart kassalar və s. kimi məhsullar sahibkarların istifadəsinə verilib. Bütün bu sadalanan faktorlar deməyə əsas verir ki, Kapital Bank-la sahibkarlar arasında münasibətlər qarşılıqlı əməkdaşlıq zəminində və etibarlılıq şəraitində inkişaf edir.
Sahibkarın maliyyə savadlılığının az olması, məsələn biznes planı düzgün tərtib edə bilməməsi, yaxud biznes hesabatlarını təyinatı üzrə təqdim etməməsi ona kredit verilməsi üçün maneə hesab oluna bilər?
-Bildiyiniz kimi, bank müştəriyə kredit verilməsi barədə qərar qəbul edərkən, onun ödəniş qabiliyyətini qiymətləndirir və müvafiq həcmdə kreditin verilib-verilməməsi barədə qərar qəbul edilir. Ödəniş qabiliyyətinin qiymətləndirilməsi üçün sahibkarların biznes fəaliyyətinin tarixi məlumatlara əsaslanan maliyyə göstəriciləri təhlil olunur və layihə üzrə gələcək dövrə proqnoz verilir. Maliyyə təhlili aparılarkən bankların rastlaşdığı əsas çətinliklərdən biri sahibkarların tarixi maliyyə göstəricilərinin rəsmi sənədlərə söykənməməsi, maliyyə hesabatlığının dəqiq mənbələrə əsaslanmamasıdır ki, bu da, sahibkarın maliyyə gücünün real qiymətləndirməsinə imkan vermir.
Digər tərəfdən, sahibkarlar arasında iqtisadi münasibətlər hər hansı əqdlərlə rəsmiləşmir və alqı-satqı, xidmət müqavilələri bağlanılmır ki, bu da kreditin təyinatı üzrə istifadə edilməməsinə şübhə yaradır.
Yuxarıda qeyd edildiyi kimi, sahibkarların maliyyə savadlığının aşağı olması, layihəni düzgün qiymətləndirməyə imkan vermir ki, bu da layihədən gözlənilən iqtisadi səmərəni yetəri qədər doğrultmur. Digər tərəfdən, sahibkarların maliyyə savadlılığının aşağı olması, ona öz ehtiyaclarına uyğun olan bank məhsullarından istifadə etməməyi ilə nəticələnir. Belə ki, bir çox sahibkarlar bank məhsullarının sayının yalnız kredit və qarantiya ilə məhdudlaşdığını zənn edir və maliyyə ehtiyaclarının qarşılanması üçün digər məhsullara ehtiyacı olduğu təqdirdə kredit və qarantiyaya müraciət edir. Bu isə nəticədə əlavə maliyyə yüklənməsinə və biznesin əməliyyat xərclərinin artmasına gətirib çıxarır.
Kapital Bank tərəfindən regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün nəzərdə tutulan kredit məhsulu mövcuddur? Gələcəkdə müştərilərə belə kredit məhsulunun təqdim edilməsi planlaşdırılır?
-Kapital Bank-ın kredit məhsulu bütün ölkə sahibkarlarının maliyyə ehtiyaclarının ödənilməsini nəzərdə tutduğundan region müştəriləri üçün hər hansı xüsusi kredit məhsulunun yaradılmasına tələbin olduğu hiss olunmur. Belə ki, Kapital Bank həm ixracatçılar, həm istehsalçılar, həm də ölkə daxilində iqtisadiyyatın bütün sektorları üzrə fəaliyyət göstərən sahibkarların hansı regionda fəaliyyət göstərməsindən asılı olmayaraq maliyyə ehtiyaclarının qarşılanması üçün müraciətlərini qəbul etməyə hazırdır və ehtiyaca uyğun geniş məhsul çeşidi ilə onlara xidmətlərini təklif edir. Gələcəkdə belə bir ehtiyac olarsa, region üçün xüsusi məhsulun yaradılması da istisna olunmur.
Müəllif:Aynur Qəniyeva