MARKETİNQ

03 Dekabr

Azərbaycan, COP16 Bürosunun üzvü və vitse-prezidenti seçilib

Fins.az xəbər verir ki, 2-13 dekabr 2024-cü il tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində keçirilən BMT-nin Səhralaşmaya qarşı mübarizə Konvensiyasının 16-cı Tərəflər Konfransı (COP16) çərçivəsində Azərbaycan Respublikası yekdilliklə təmsil olunduğu Mərkəzi və Şərqi Avropa regional qrupuna iki il müddətinə sədr seçilib və COP16 Bürosuna üzv olub.

Xarici İşlər Nazirliyindən (XİN) Trend-ə verilən məlumata görə, sədrlik dövründə ölkəmiz həmçinin qurumun Tərəflər Konfransının vitse-prezidentliyini də həyata keçirəcək.

Qrupa Azərbaycan Respublikası ilə bərabər 15 Şərqi və Mərkəzi Avropa dövləti daxildir.

2001-ci ildə COP5 çərçivəsində təsis edilmiş UNCCD-nin Şərqi və Mərkəzi Avropa qrupunun Regional Fəaliyyət Proqramı 2015-ci ildə təsdiqlənib. Qrup çərçivəsində regional fəaliyyətin gücləndirilməsi, biliklərin artırılması, ekoloji kənd təsərrüfatı və digər prioritet sahələr müəyyən edilib.

12 regionun təmsil olunduğu COP16 Bürosunun əsas vəzifələri COP qərarlarının həyata keçirilməsinə nəzarət və gələcək COP iclasları üzrə işlərin təşkilidir. COP Bürosu həmçinin COP sessiyaları arasında həyata keçirilən öhdəliklərin icrasına nəzarət edir.