MARKETİNQ

05 Sentyabr

“Norm” ASC enerji idarəolunması üzrə ISO 50001 sertifikatını alıb

“Norm” ASC enerjinin idarəolunması sistemi üzrə ISO 50001 standartını əldə etmək üçün sertifikasiyadan uğurla keçib.  Enerjinin səmərəliliyinə və dayanıqlı inkişaf təcrübələrinə sadiqlik nümayiş etdirən şirkət üçün bu sertifikatın əldə edilməsi böyük əhəmiyyət kəsb edib.

Bu barədə Fins.az-a ASC-dən məlumat daxil olub.

Qeyd edək ki, ISO 50001 enerji idarəetmə sistemləri ilə bağlı qlobal səviyyədə tanınmış standartdır. Bu sertifikatlaşdırma təşkilatlara enerji səmərəliliyinin artırılmasına dair siyasət hazırlamaq və həyata keçirmək üçün strukturlaşdırılmış çərçivə təmin edir.

Enerjinin idarə olunması çərçivəsində Norm Sement zavodunda enerji resurslarından istifadənin optimallaşdırılması, əməliyyatların səmərəliliyinin təmin olunması və ekologiya üzrə göstəricilərin yaxşılaşdırılması həyata keçirilir. Zavodda həmçinin, enerji istehlakının minimuma endirilməsi, karbon emissiyalarının azaldılması ilə bağlı hədəfləri dəstəkləyən strategiya və təcrübələr sınaqdan keçirilir. Belə ki, burada enerji performansına dair mütəmadi təhlillər aparılır, yeni texnologiyalardan istifadə olunur və proseslər boyunca enerji resurslarından səmərəli istifadə ilə bağlı məlumatlılıq mədəniyyəti təşviq olunur.

ISO 50001 standartına dair əldə edilmiş sertifikat şirkətin ətraf mühitin qorunması və dayanıqlı inkişafla bağlı uzunmüddətli hədəflərinə nail olmasında rol oynayacaq.

“Norm” ASC 10-dan çox ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.

Zemfira Ms
Fins.az