Azərbaycan BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (COP29) 29-cu sessiyasının sədri kimi bu gün "Bakı Qlobal İqlim Şəffaflıq Platforması"nı təqdim edib.
Fins.az xəbər verir ki, bu barədə Bakıdakı "İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq" çərçivəsində COP29 prezidenti Muxtar Babayev məlumat verib.
Bu platforma, iqlim şəraitinin yaxşılaşdırılması üçün atılan addımlarda şəffaflığın təmin edilməsini və qlobal cəmiyyətin bir araya gətirilməsini hədəfləyir. M.Babayevin bildirdiyinə görə, COP29 sədri olaraq onun əsas vəzifəsi, iqlim dəyişikliyi üzrə danışıqlar prosesində bütün iştirakçıları dəstəkləməkdir.
M.Babayev həmçinin vurğulayıb ki, yalnız şəffaflıq məqsədlərinin kollektiv təsdiqlənməsi və iki illik şəffaflıq hesabatlarının (BTR) vaxtında təqdim edilməsi ilə irəliləyiş mümkündür. Bu çərçivədə, Azərbaycan Paris Sazişinin Genişləndirilmiş Şəffaflıq Sistemində iştirakını artırmağı planlaşdırır və COP29-da ikiillik BTR hesabatını təqdim edəcək.
Azərbaycan 25 sentyabr 2024-cü il tarixində BMT-nin 79-cu Baş Assambleyasında qlobal iqlim şəffaflığı üzrə yüksək səviyyəli dialoq təşkil edəcək. Noyabr ayında Bakıda keçiriləcək COP29 Konfransı isə dünya miqyasında 70-80 minə yaxın xarici qonağı bir araya gətirəcək.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası, 1992-ci ildə Rio-de-Janeyroda keçirilən Yer Sammitində iqlim sisteminə təhlükəli müdaxilənin qarşısını almaq məqsədilə imzalanmış sazişdir. Konvensiyada iştirak edən 198 ölkə, hər il COP tədbirində iqlim dəyişikliyi ilə mübarizənin qlobal miqyasda irəliləməsini təmin edir.
Fuad Mədətov
Fins.az