MARKETİNQ

25 Avqust

COP29 Azərbaycan Əməliyyat Şirkəti "Daily Show" proqramını təqdim edir

COP29 Azərbaycan Əməliyyat Şirkəti, Bakıda keçiriləcək COP29 iqlim konfransı zamanı qlobal auditoriya üçün yayımlanacaq gündəlik televiziya proqramını təqdim edir. Bu proqramda hər gün COP29 hadisələrinin icmalı təqdim olunacaq və məqsəd konfransın məlumatlarının daha əlçatan olmasını təmin etməkdir.

Finss.az xəbər verir ki, veriliş konfransın davam etdiyi müddət ərzində Bakı Stadionundakı studiyadan yayımlanacaq. Yayım televiziya kanalları, onlayn platformalar və COP29-un rəsmi kanalları vasitəsilə həyata keçiriləcək. "Daily Show" proqramı müsahibələr, ekspert rəyləri və konfransa dair digər məlumatları təqdim edərək tamaşaçılara COP hadisələrinə fərqli baxış bucağı təqdim edəcək.

COP29-un təyin edilmiş Prezidenti Muxtar Babayev verilişin əhəmiyyətini vurğulayaraq bildirib: “Dünyada iqlim dəyişikliklərinin təsirləri getdikcə daha çox hiss olunur və buna paralel olaraq məlumatlara olan tələbat da artır. Biz iqlim fəaliyyətlərini qlobal auditoriyaya daha aydın və anlaşılan formada çatdırmağı hədəfləyirik. Gündəlik verilişimiz bu məqsədə çatmaq üçün atılan əhəmiyyətli addımlardan biridir.”

"Daily Show" proqramı, Böyük Britaniyanın zəngin yayımlama təcrübəsinə malik "Hi Impact" media şirkəti tərəfindən hazırlanacaq. COP29 Əməliyyat Şirkəti, verilişin daha geniş auditoriyaya çatması üçün layihə üzrə tərəfdaşlıq imkanlarını da nəzərdən keçirir. Bu layihə üçün tərəfdaşların seçimi sentyabrın sonunadək davam edəcək və nəticələr COP29 Sədrliyi və UNFCCC tərəfindən təsdiqlənəcək. Layihədə tərəfdaş olmaq üçün müraciət forması və əlavə məlumatlar COP29-un rəsmi saytında yer alıb.