Mərakeş bu ilin noyabrında Bakıda baş tutacaq COP-29 iqlim konfransının uğurla keçirilməsini səbirsizliklə gözləyir.
Fins.az xəbər verir ki, bunu Mərakeşin Azərbaycandakı səfiri Adil Embarş ölkəsinin milli bayramı - Mərakeş Kralı VI Məhəmmədin taxta çıxmasının ildönümü münasibətilə keçirilən tədbirdə deyib.
Diplomat vurğulayıb ki, ölkəsi iki dəfə (2001-ci ildə COP7 və 2016-cı ildə COP22) bu iqlim konfransına ev sahibliyi edib və bu, Mərakeş hökumətinin ətraf mühitin qorunması istiqamətində üzərinə götürdüyü öhdəliklərə sadiq olduğunu nümayiş etdirir.
“Ölkəmiz 2030-cu ilə qədər enerji tələbatının 52%-ni bərpa olunan mənbələrdən ödəməyi hədəfləyən iddialı enerji keçid planı hazırlayıb. Mərakeş 2030-cu ilə qədər istixana qazı emissiyalarını 45,5% azaltmağı hədəfləyən ölkələr sırasındadır. Buna görə də Mərakeş Bakıda baş tutacaq COP29-un uğurlu keçirilməsini səbirsizliklə gözləyir. Burada iştirak edən hər kəs adından Azərbaycana uğurlar arzulayırıq”, - səfir qeyd edib.
Kaira Ağayeva
Fins.az