MARKETİNQ

26 Fevral

İlon Mask Microsoft-a qarşı üsyan edib

Yeni bir kompüter aldığınız zaman ilk işiniz ona əməliyyat sistemi quraşdırmaqdır. Bu nöqtədə Microsoft tərəfindən hazırlanmış Windows istifadəçi dostu interfeysi ilə seçilir. Ancaq bəzən bezdirici problemlərə görə tənqidə məruz qalır. Nəhayət, məşhur iş adamı İlon Mask da Microsoft-u tənqid etdi.

Fins.az xəbər verir ki, Microsoft Windows-un quraşdırılması zamanı istifadəçidən hesab yaratmağı xahiş edir. Əvvəllər belə bir öhdəlik yox idi. Hazırda hesab yaradılmayınca əməliyyat davam edə bilməz. Təbii ki, internet bağlantısı kəsildikdə bunun öhdəsindən gəlmək olar. Ancaq hələ də istifadəçilər tərəfindən birmənalı qarşılanmır. Görünür, İlon Mask da istifadəçilər kimi düşünür.

Tesla-nın CEO-su Mask son bir neçə saat ərzində X (Twitter) hesabında paylaşdığı yazıda yeni noutbuk aldığını söylədi. Lakin o, Microsoft hesabı yaratmaq istəmədiyi üçün Windows-dan istifadə edə bilmədiyini bildirib.

Microsoft hesabı yaratmağın şirkətin süni intellektinin kompüterə daxil olmasına icazə vermək demək olduğunu söyləyən Mask öz yazısından sitat gətirərək, rəsmi Microsoft hesabını işarələdi və " Bu xoş deyil " dedi. Digər istifadəçilər də iş adamının haqlı olduğunu bildirərək onu dəstəkləyiblər.

Günel Məlikzadə
Fins.az