MARKETİNQ

23 Fevral

Reddit və Google-dan böyük sövdələşmə!

Yayılan məlumatlara görə, Reddit Google ilə hərtərəfli müqavilə imzalayıb. Bu razılaşmaya əsasən, şirkət süni intellektin modelləşdirilməsi üçün öz məzmununu Google-a təqdim edəcək. Müqavilənin illik dəyəri təxminən 60 milyon dollar olduğu bildirilir.

Fins.az xəbər verir ki, bu yaxınlarda məzmununu kommersiyalaşdıracağı və süni intellekt şirkətlərinə satacağı barədə şayiələr yayılan Reddit bunu ilk dəfə etdi. Tezliklə birjaya çıxacaq şirkət, malik olduğu bütün maliyyə imkanlarından istifadə edərək, bazar dəyərini maksimum dərəcədə artırmağa çalışır. 

Xüsusilə TikTok və Meta ilə böyük bir reklam yarışmasında olan Reddit, bu yarışmada fərqlənə bilməyəndə məzmun satışını ciddi şəkildə düşünməyə qərar verdi. Lakin müqavilə bağlayan hər iki şirkət indiyə qədər heç bir açıqlama verməkdən çəkinib.

Bunun səbəbinin bu gün istifadəçi məlumatlarına qarşı həssaslığın artması olduğu düşünülür. Davamı gözlənilən bu razılaşmaların süni intellekt texnologiyalarının inkişafına böyük fayda verəcəyi iddia edilir. Reddit məzmun satmaqda uğur qazanarsa, bir çox digər veb-saytların da əlavə gəlir əldə etmək üçün bu üsuldan istifadə edəcəyi proqnozlaşdırılır.

Günel Məlikzadə
Fins.az