Ölkəmizdə fəaliyyət göstərən supermarketlərin demək olar, hər birinin özünəməxsus təqvimi var – endirim təqvimi. Ayın müxtəlif günlərində endirim aksiyaları, müxtəlif kampaniyalar keçirən supermarketlər sanki alıcıların qeydinə qalırmış kimi görünmək üçün bəhsə çıxıblar.
Əslində isə bizə endirim kimi sırınan həmin kampaniyalarda cəmi bir qazanclı tərəf var – həmin aksiyanı keçirən supermarket!
Təbii ki, bu gün bütün dünyada qəbul olunmuş bir qayda var: endirim edən satış obyekti bununla alıcıların sayının artmasına, satış prosesinin sürətlənməsinə, nəticədə də daha çox qazanmağa çalışır. Amma bu qaydada alıcı da xeyir qazanır.
Ölkəmizdə isə bu qayda pozulur. Çünki “endirim”in sadəcə adı var. Ya da ən yaxşı halda mallara 1-2 qəpik endirim edilir. Əvəzində isə başqa məhsulların qiymətində artıma doğru dəyişiklik görürük.
Bu daha çox “Araz”, “Bazar Store”, “Oba”, “Rahat”, “Bizim” marketlər kimi qiyməti stabil olmayan, vəziyyətinə, çeşidinə görə dəyişən məhsullarda özünü göstərir. Həmin qeyri-stabilliyi isə hətta bir sutka ərzində müşahidə etmək mümkündür.
Endirimdən bir-iki gün öncə qiymətlərin yüksəlib, daha sonra əvvəlki qiymətə düşməsi də başqa bir söhbətin mövzusudur. Diqqətli alıcı bunu sezməyə bilməz.
Məsələ ilə bağlı iqtisadçı ekspert Emil Əliyevdən münasibət öyrəndik. O, Fins.az-a bildirib ki, belə problemlərə çox rast gəlinir
“Azərbaycanda ümumiyyətlə, endirimlərlə bağlı problemlərə çox rast gəlinir.
Reklam məhsullarında endirim göstərilsə də, mağazaya daxil olanda satıcı deyir ki, o endirimin bu məhsullara aidiyyəti yoxdur. Ya da endirim zamanı alınan mal istehlakçının tələbatını ödəmədiyinə görə dəyişdirmək istəyəndə deyirlər ki, sən bunu endirimdə almısan, ona görə dəyişmirik. Bütün bunlar qanuna ziddir”.
Nazirlər Kabinetinin 94 saylı qərarına əsasən malların üzərində məsul şəxsin imzası olan rəsmi sənəd olmalıdır. İstehlakçıların həmin sənədə baxaraq malın ilkin qiymətini öyrənməyə haqqı var. Əgər istehlakçı sözügedən sənəddəki qiymətlə endirim arasında uyğunsuzluq görərsə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilər (012 498 15 04)”.