MARKETİNQ

24 İyun

Aytən Fərəcli: “Telegram kanalları markalar üçün gizli xəzinədir”

Azərbaycanda son zamanlar tez-tez gördüyümüz uğurlu reklam kampaniyalarının tərkibində çox hallarda influenserləri də görürük. Hər dəfə telefonu açıb sosial şəbəkələrə nəzər yetirəndə ana səhifəmizdə mütləq hansısa məhsulun təqdimatı gedir. Bu təqdimatı isə influenserlər edir.

Uğurlu layihələrin, düzgün influenser marketinq strategiyalarının, göz oxşayan reklamların fonunda isə influenser marketinq üzrə mütəxəssislər dayanır. Bu gün onlardan biri Aytən Fərəcli müsahibə verib. 

İnfluenserlər kimlərdir: Uğurlu influenser anlayışı

İnfluenser dünyasında “uğur” sözü çox istifadə olunur. Onların uğuru satdıqları məhsulların miqdarına, sahib olduqları izləyici sayına, səslərinin çatdıqları insanların çoxluğuna görə dəyişə bilir. Bu barədə Aytən xanımın fikirləri belədir: “Hər bir sosial media istifadəçisi bir influenserdir, - mütəxəssis bu fikrini dedikdən sonra açıqlayır, - hər kəsin öz çevrəsi var, çevrəmizdə təsir gücümüz mövcuddur. Hətta bu məfhumu genişlətsək, dostlar arasında söhbət zamanı istifadə etdiyimiz məhsullar barəsində hansısa dostumuza belə təsir edə bilirik. Endi Uarol (Andy Warhol) rəqəmsallaşan dünyamız haqqında uzun zaman əvvəl gözəl bir ifadə səsləndirib: "Hər kəs bir gün on beş dəqiqəlik məşhur olacaq"”.

İnfluenser dedikdə ağla yalnız bloqerlərin gəlməyinə A. Fərəcli başqa cürə şərh vermək istəyir: “İnfluenserlər kateqoriyalara bölünür və bloqerlər bu kategoriyalardan yalnız biridir” (kateqoriyalar sonrakı başlıqda qeyd edilib).

Müsahibimiz qeyd edir ki, uğur ifadəsi fərdi formalaşan məfhumdur: “Ölkəmizdə son dövrlərdə yüksək izləyici kategoriyasına sahib Telegram kanalları markalar üçün mükəmməl satış həyata keçirə biləcəkləri ortam yaradır. Telegram kanalları reklamlarından çox danışılmasa da, məncə, onlar markalar üçün gizli xəzinədirlər”.

“İnfluenserləri əlifba sırası ilə kateqoriyalara bölmək olar”

“Bu kategoriyalar uğur səviyyəsinə görə deyil, izləyici kütləsinə görə ayrılır. A kategoriyasına “celebrity - məşhur” dediyimiz TV və radio insanları, B kategoriyasına gözəllik, dəb, maşın - bir sözlə, yaradıcı bloqerlər, həmçinin fotoqraflar, jurnalistlər və sairə daxildir. C kartegoriyası yuxarıda qeyd etdiyim sosial media istifadəçisi olan hər hər kəsimi, D kategoriyası isə Facebook qrupları, Telegram kanalları və xəbər portallarını ehtiva edir”.

Reklam kontentini sevməyən izləyicilər

Bilirik ki, kontentə görə izlədiyi insanın profilində reklam görmək izləyicilər tərəfindən bəzən xoş qarşılanmır. İzləyicilərin bəziləri düşünür ki, influenserlər ya yalnız öz profillərinə uyğun reklam paylaşmalıdırlar, ya da, ümumiyyətlə paylaşmamalıdırlar.

Müsahibimiz vurğulayır ki, insanların reklam kontentinə olan reaksiyalarını müəyyən mənada anlamaq olar: “İnfluenser marketinq reallığına və bunun, əslində, tam ciddi bir peşə olduğuna qarşı çıxıb, rahat yoldan pul qazanmaq olduğunu düşünürlər. Lakin influenserlərin səhifələrinin daha diqqət çəkən olması üçün nə qədər əmək verdiklərini bilmirlər. Bir işin və reklamın arxasında nə qədər çox zəhmətin olduğunu bilsələr, düşüncələri dəyişər”.

Beynəlxalq influenser marketinq və Azərbaycan

"Sözün düzü, qlobal ilə müqayisə üçün hələ tezdir. 2018-ci ildə gigiyenik və dünyaca məşhur olan məhsul üçün influenser tapmaqda çətinlik çəkirdim. İnfluenserlər bu sahəni anlamır, çoxu da hobbi olaraq edirdi. Bu layihəni həyata keçirə bildim və çox xoşdur ki, artıq bu tərz layihələri başqalarında görürəm. İndi yavaş-yavaş insanlarımız tərəfindən bir çox bariyerlər aşılıb deyə düşünürəm. Buna baxmayaraq, qət etməli olduğumuz uzun yolumuz var. Çünki influenser marketinqin təməlində trendlər durur. Trendlər isə yerində durmur, mütəmadi olaraq dəyişir və fərqliliklər yaradır”.

Uğursuz əməkdaşlıq

Bilirik ki, nəinki influenser marketinq əməkdaşlıqlarında, elə marketinqin istənilən növündə - hətta bu anlayışa geniş baxsaq, istənilən işdə uğursuz anlar yaşana bilər. İnfluenser marketinq isə hər iki tərəfin aktiv şəkildə uğura çatmağa çalışdığı bir sahədir. Yəni nəticə hər iki tərəfə güclü təsir edə bilir.

Gözlənilən nəticə almayanda səhvi influenserdə, yoxsa öz iş prinsipinizdə axtarırsınız sualına cavabında müsahibimiz bu halla qarşılaşmadığını bildirib: “Hətta sonuncu dəfə yerli bankların birində etdiyim layihədə müştərinin 1 illik satış hədəfinə biz 10 gündə çatmağı bacarmışdıq. İnfluenser layihəsinə start verdiyiniz zaman hansı nəticəni almaq istədiyinizi dəqiqləşdirməlisiniz. Bu işdə digər önəmli məqam isə datalardan düzgün istifadə etməkdir. Onu da qeyd edim ki, influenser marketinqdə uğursuz nəticələrlə rastlaşmaq çətindir. Çünki yüksək satış etməsəniz belə, ən azından marka tanınırlığını artıra bilirsiniz”.

Azərbaycanda influenser marketinqin gələcəyi

“Ölkəmizdə 3-4 il bundan öncəyə nəzərərən inanılmaz dərəcədə müsbət dəyişikliklər var. Çünki influenserlər artıq reallığı görür və öz üzərlərində çalışırlar, nələrisə müsbətə doğru dəyişmək istəyirlər. Ən əsası isə bu işi hobi olaraq yox, peşə kimi görürlər, birlik göstərirlər. Markalar onları deyil, onlar markaları seçməyə başlayır. Ümid edirəm, brendlər və influenserlər gələcəkdə daha da mükəmməl və dünya miqyaslı “ambassador” işləri ortaya qoyacaqlar”.

Facemark.az