Facebook-un Nyu-York üzrə top-meneceri Tom Arriks öz biznesinə görə vəzifəsini tərk edir. Belə ki, o, reklam agentliyi və ya konsaltinq firması deyil, məhz itlər üçün qida çatdırılması şirkətini açır. Buna isə onu Mark Zuckerberg həvəslındirir.
Tom Arriks Facebook-un Nyu-York bölməsinə 2006-cı ildə qoşulub. O zaman dünyanın ən iri sosial şəbəksinin bu ofisində cəmi 100 adam çalışırdı. Tom Arriks yeddi il ərzində karyera pillələrində irəliləyir və marketinq üzrə vitse-prezident vəzifəsinə çatır. Onun sözlərinə görə, bu uğurlu tərəqqisinə səbəb dünyanın ən böyük və ən yaxşı Nyu-York reklam bazarına daha çox diqqət yetirməsi olub.
Arriks əvvəlcə Konnektikut ştatında, Dariene-də, evindən işləyib və tez-tez Facebook-un Kaliforniyadakı baş qərargahına, həmçinin, bütün ölkə üzrə başqa ofislərinə də baş çəkirdi. Amma zamanla Facebook rəhbərliyi Nyu-Yorkda ofis açmaq qərarı üzərində ciddi düşünür və nəhayət, bu ideyasını reallaşdırır. Şirkət düz şəhərin mərkəzində, Manhettendə açılır. Bundan sonra ofis sürətlə genişlənir və bugün Arriksin sözlərinə görə, Facebookun Nyu-York bölməsində təxminən 9000 əməkdaş işləyir.
Sosial şəbəkənin planetin ən sürətlə inkişaf edən bizneslərindən birinə çevrilməsinə baxmayaraq, 2013-cü ildə Arriks şirkətdəki bu karyerasını dayandırmaq qərarına gəlir. Özünün də dediyinə görə, bu qərara gəlməsində sözügedən sosial şəbəkənin yaradıcısı və baş direktoru Mark Zuckerberg-in də az rolu olmayıb. Arriks keçmiş şefi ilə bu məsələ ilə bağlı söhbətini belə şərh edir: “ Mark təkidlə bildirirdi ki, həyatda gərək sevdiyin işlə məşğul olasan və qanad açıb yeni tapşırıqlar üzərinə gedəsən”.
Beləcə, Tom anlayır ki, artıq karyera qurmaqdan təngə gəlib və əslində biznes qurmaq, “gündəlik konkret rejim və qaydaları olmayan qeyri-müəyyən aləmdə yaşamaq” istəyir. Keçmiş top-menecer həyata yeni səhifədən başlamağın və təmamilə yeni macəralar yaşamağın çox normal bir hal olduğunu bildirir.
Növbəti beş ildə Arriks biznes ideyası düşünür. 2018-ci ildə Joy Food Company-ni qurmaq qərarına gəlir. Bunun üçün kədərli bir hadisədən ilhamlanır – Arriksin iki itindən ən böyüyü olan Kuper xəstələnir. Veterinar reseptə sahibinin özünün də yeyə biləcəyi qidanı yazır və beləcə o, ev heyvanı üçün təzə yemək hazırlamağa başlayır. Arriks səmimiyyətlə etiraf edir ki, itlərini özünün beşinci və ya altıncı uşağı hesab edir.
İti sağalır, sahibkar isə Facebook-da əldə etdiyi çoxillik marketinq təcrübəsini yeni, itlər üçün “insan qidaları” hazırlamaq məşğuliyyəti ilə birləşdirmək üzərində düşünür. Arriks belə hesab edir ki, bu, çox maraqlı itlər üçün qidalar bazarı seqmentidir: “Mənə belə gəlir ki, təzə ferma məhsulları və inqredientlər insanların həyatında vacib rol oynadığı kimi, bu trend də zamanla it sahiblərinin diqqətini çəkəcək”.
Tomun sözlərinə görə, layihənin əsas təşviqat kanalları sosial şəbəkələr və tanışların məlumatlandırılmasıdır: ”İnsanlar bizim bunu necə və niyə etdiyimizi bilmək üçün saytımıza daxil olurlar. Sonra isə onlar bizimlə itləri haqqında faydalı məlumatlarını bölüşə bilirlər, biz də onlara ev heyvanlarının çəkisi və aktivlik səviyyəsinə görə fərdi qidalar təqdim edirik”.
Joy it yeməklərini hazırlamaq üçün Arriks hindquşu əti, gül kələmi və balıq yağı kimi inqredientlərdən istifadə edir. Bütün məhsullar təzədir, tez xarab olurlar, buna görə də onlar dondurulmuş gel paketləri ilə birgə çatdırılırlar.
Joy kuryerləri itlər acıyanda buz dolabına qoyulub dondurula bilinən 14 porsiya qida çatdırırlar. Qiymət ev heyvanının ölçüsündən asılıdır – hər porsiyaya görə orta hesabla 2,32 dollardan 5-6 dollara kimi. Bu, faktitki olaraq həftədə təxmini 75 dollardır və elit quru qidadan çox bahadır. Sahibkar qeyd edir ki, itləriniz üçün ən yaxşı inqrediyentlərdən hazırlanmış təzə yemək ucuz ola bilməz.
Arriks qiymət bahalığına görə itlərini təzə məhsullarla qidalandıra bilməyən müştərilər üçün xüsusi əlavələr və qatqılar da hazırlayıb. Arriks şirkətin missiyasını belə açıqlayır: “Biz insanlar üçün məhsullarımızdan kiçik bir porsiyanı adi qidaya daxil etmək imkanını yaradırıq və ümid edirik ki, ideal dünyada ev heyvanlarının quru qidadan istifadəsi maksimum azalacaq”. Onun qlobal bir məqsədi var – ev heyvanlarının sağlam həyat tərzi üçün məlumatların geniş yayılması uğrunda icma qurmaq və “bunun çox baha olması ilə bağlı mifə son qoymaq”.
Hal-hazırda Facebook-un keçmiş vitse-prezidentinin şirkətində tam gün işləyən beş əməkdaş, yarı gün işləyənsə üç əməkdaş var. Biznes evdən başlayıb, belə ki, Arriks və onun tabeliyində olanlar gündəlik olaraq təzə it yeməkləri hazırlayırlar. Artıq sahibkar layihəni Noruolkanın cənubundakı ayrıca bölməyə köçürməyi düşünür. Orada sənaye mətbəxi var. Həftəlik sifarişlər istehsaldan əvvəl müştərilərə göndərilir və bu göndəriş çərşənbə gününə təsadüf edir.
“Biznesin aqibəti bizə məlum olmasa da , gördüyümüz işə arxayınıq. Çünki, ilk növbədə itləri düşünürük və biznes də elə bu ideyaya söykənir” – Arriks bildirir.