“Pantone” rəng institutu tərəfindən təyin edilən növbəti ilin rəngləri ildən-ilə daha çox müzakirələrə səbəb olur. İlin axırı olduğu üçün bu günlərdə xəbər lentində 2020-ci ilin rəngi seçilən "Classic blue"nu görürük. Bir qədər geriyə baxsaq, görərik ki, bu il “Klassik Mavi” rəngi olduğu kimi vaxtilə "Living coral" (2019), ”Ultra violet” (2018), “Greenery” (2017) və digər rənglər də səs-küy yaratmışdı.
Bəs “Pantone” rəng institutunda nə iş görülür? İlin rəngi nədir və onu necə seçirlər?
Amerika Birləşmiş Ştatlarına məxsus 1963-cü ildə yaranmış “Pantone” şirkəti “İlin rəngi” adlanan təşəbbüsün əsas “məsul şəxs”idir. Moda sənayesində çalışan, mətbuat nümayəndələri və digər insanlar bu şirkəti, rəng sxemlərinə görə tanıyır. “Pantone” tərəfindən vizual olaraq rənglərin bir-birinə uyğun gəldiyi araşdırılır və istənilən rəngin altonları təhlil edilərək ictimaiyyətə təqdim olunur.
Bu şirkət 2000-ci ildə “ilin rəngləri”ni seçmək təşəbbüsü ilə dünyaya müraciət ediləndən sonra populyar platformaya çevrilməyə başladı. O zamandan bəri insanlar “ilin rəngləri”ni demək olar ki, Yeni il qədər gözləyir. Maraqlıdır ki, bu ideya yaxşı PR kampaniyasına çevrilmiş sadə marketinq hekayəsidir. Belə bir sistemin yaradılması marketinq dünyasını 360 dərəcə dəyişdi. Hazırda bir çox ölkənin dövlət bayraqları üçün rəng çalarları “Pantone” standartlarına əsaslanaraq seçilir.
Onu da qeyd etmək lazımdır ki, şirkətin “Pantone Studio” mobil tətbiqi var və tətbiqdə 10 000-dən çox rəng çaları mövcuddur. Tətbiq geniş rəng palitrası quraşdırmağa imkan verir.
Beləliklə, ilin yeni rəngi hansı əsaslarla seçilir?
Əsas məsuliyyət məlumat toplayan və onların əsasında müəyyən nəticələr çıxaran bir araşdırma mərkəzi olan “Pantone” Rəng İnstitutunun üzərinə düşür.
“Pantone”un baş menecerlərindən biri bir dəfə bu məsələ ilə bağlı belə şərh verib: "İlin rəngini seçmək məntiqi dizaynda və modada meyillərin proqnozlaşdırılmasından daha mürəkkəbdir – bu dünyada baş verən hər şeyin əksidir".
Bunun arxasında dəqiq müəyyənləşdirilmiş, illərlə işlənmiş bir sxem var. Birincisi, “Pantone” Rəng İnstitutu eyni anda bir neçə trend proqnozlaşdırma agentlikləri ilə işləyir. Onlar küçələrdə, ticarət mərkəzlərində və restoranlarda insanları izləyir, davranış qaydaları, vərdişlər və ümumiyyətlə, küçə mədəniyyəti haqqında məlumat toplayaraq təhlil edir. Bu məlumatları əsas götürərək “Pantone” Rəng İnstitutunun mütəxəssisləri siyasi, iqtisadi vəziyyət, sosial meyillər və s. faktorları araşdırır, ona uygun rəngi seçir.
Məşhur deyimin əksinə olaraq, ilin rəngi təsadüfi seçilmir – məsələn, 2016-cı ildə bu adı alan bənövşəyi “Serenity” və çəhrayı “Rose Quartz” dünyanın həddindən artıq texnologiyalaşmasına işarə edərək daha təbii hala qayıtmaq arzusunu rəng vasitəsilə dilə gətirdi.
Ted.az