MARKETİNQ

19 Dekabr

Rəşad Nəzərli: “Facebookdan çoxlu pul qazanmaq olar”

Fins.az xəbər verir ki, facemark.az sosial mediada linç edilmək ilə bağlı marketinq üzrə konsultant (MKTG.azRəşad Nəzərlidən müsahibə alıb.

Rəşad bəy, sosial mediada linç olunmaq nədir?

Sosial mediada linç olunmaq məktəblərdə bullinq qədər diqqətdə saxlanılacaq bir mövzudur. Hər ikisi ictimai qınağın təzahür formalarıdır. İctimai qınaq cəmiyyət yarandığı gündən var və olacaq. Bundan qaçmaq, gizlənmək demək cəmiyyəti tərk etmək, təcrid olunmaq deməkdir. İnternetin də geniş yayılması ilə ictimai qınaq virtual aləmə keçdi və daha da eybəcərləşdi. Cəmiyyətdə səni tənqid edənləri üzlərini görüb hardasa tanısan da, sosial şəbəkələrdə istifadəçilər anonimliyin verdiyi imkanlardan istifadə edib özlərini əxlaq normaları ilə məhdudlaşdırmağa borclu hesab etmir. Tənqidin dozasını artırıb təhqirə keçirlər, nəticədə hədəfdəki insan özünü məhkəməsiz linç olunmuş duruma düşür.

Sosial mediada heç kim linç olunmaqdan sığortalı deyil. Linç dağın zirvəsindən düşən qar topu kimidir, qarşısında maneə görməsə getdikcə böyüyərək güclənəcək və təhlükəli hala gələcək.

Linç olunmaqdan və linç etməkdən qorunmaq üçün nələri bilmək lazımdır?

Sosial şəbəkələr ünsiyyət məkanıdır: dostlarla, həmkarlarla, ortaq marağınız olan insanlarla. Ünsiyyət əsnasında fikriniz qəbul olunmaya da bilər, sizdən fərqli düşünənlər də öz rəyinizi bölüşə bilər. Buna anlayışla yanaşmaq, məsələyə fərqli cür baxanlara qarşı səbrlə davranmaq lazımdır. Özümüzün də xəbərimiz olmadan biz, linç edənlər sırasında ola bilərik. Sosial mediadakı ünsiyyəti nə özümüz sivil qaydalardan kənara çıxartmalı, nə də qarşımızdakı insanı bunu etməyə vadar etməməliyik. Paylaşım edərkən həmin kontenti görəcək adamları düşünün, ehtiyac varsa auditoriyanı dostlarınız ilə məhdudlaşdırın ki, yoldan keçənlər söhbətə müdaxilə etməsin. Başqasının paylaşımında rəy bildirərkən də bu qaydanı tətbiq edin, öz fikrinizi bildirməklə kifayətlənib dərinə getməyin. Yaddan çıxartmayın ki, sosial mediadakı ünsiyyət 2 nəfər arasında deyil, həmin şərhləri hamı görə bilər. Fikrinizi bildirib sizin kimi düşünənlərə müvafiq mesaj göndərin. Əks düşüncədə olan şəxs sizin fikrə gələn dəstəyi görüb öz fikrini sorğu-sual edə bilər. Yox əgər, öz fikrində inadkarlıq göstərirsə, onunla normal ünsiyyət qurmaq mümkün olmayacaq. Ünsiyyət məkanında ünsiyyət qura bilmədiyiniz adamlar sizin nəyinizə lazımdır ki? Ünsiyyətdə təhqirlərə, söyüşlərə keçənləri isə ümumiyyətlə blok etmək lazımdır. Bu cür adamlara itiriləcək vaxtınız və sağlamlığınız yoxdur.

Dostlarınızın dəstəyi sizin köməyinizə gəldiyi kimi, siz də dostlarınıza dəstək verməkdən çəkinməyin. Bullinq, linç təhlükəsi hiss etdiyiniz məqamlarda vaxtında müdaxilə edin. Qar topunun böyüməsinə imkan vermədən qarşısında maneə olun. Hər iki tərəfi sivil ünsiyyət formatına dəvət edin, ortamı yumşaldın, hər iki tərəfin haqlı olduğu məqamları qeyd edin.

Ünsiyyət sırasında insanların həssas olduğu məqamlara toxunmaqdan çəkinin: yaxın qohumlar, valideynlər, az yaşlı uşaqlar, dini inanclar, ictimai normalar və s. Şəxsiyyətlərə keçmədən mövzu barədə danışın, fikirləri və yanaşmaları müzakirə edin. Mövzuya aidiyyəti olmayan qeydləri sübut kimi göstərməyin. Qətiyyən unutmayın ki, ünsiyyətin əsas məqsədi kimisə səhv və ya günahkar çıxartmaq deyil, fikirləri bölüşmək, həqiqəti araşdırmaq və yeni bir şey öyrənməkdir.

Sosial mediada linç mövzusu söhbəti açılanda hər zaman Monica Lewinskiy keysi yadıma düşür. Bu videoya baxıb məsələnin nə qədər ciddi olduğunu görə bilərsiz:

Digital marketinq üzrə təlimçi olaraq tələbələrimə dediyim bir məqamı sizinlə də bölüşmək istəyirəm: sosial medianın, xüsusən də Facebookun necə işlədiyini heç vaxt unutmayın. Hər bir sosial media şirkətinin əsas məqsədi pul qazanmaqdır. Pul qazanmaq üçün isə onlar bizim sosial şəbəkədə daha çox vaxt keçirməyimizi istəyir, çünki biz Facebookda, Instagramda nə qədər çox vaxt keçirsək o qədər çox reklam görəcəyik, onlar da o qədər çox pul qazanacaq. İndi isə bir sual: sosial şəbəkədə ən çox vaxt keçirənlər kimlərdir? Əlbəttə ki, şərh yazanlar (bir də videoya çox baxanlar, amma onları bu yazıda nəzərə almırıq). Sosial şəbəkələrin alqoritmi belə şərh yazanların üzərində qurulub. Daha çox şərh yazılan postları Facebook daha çox adama göstərir ki, onlar da söhbətə qoşulsun, söhbət uzansın, biz də orda daha çox vaxt keçirək. Bu videoda müəlliflər Facebooku bir bara bənzədib və dediyimi gözəl nümayiş etdiriblər:

Çox xoşuma gələn bir söz var: “Facebookdan çoxlu pul qazanmaq olar – bunun üçün Facebooku bağlayıb işə dönmək lazımdır”. Sosial şəbəkələri məqsədli şəkildə qədərində istifadə edin, kiminlə ünsiyyət qurduğunuza fikir verin – heç kim sizi linç edə bilməyəcək.