Elektron Təhlükəsizlik Xidmətinin (ETX) rəis müavini Elvin Şahverdiyev Qazaxıstanın Almatı şəhərində keçirilən “KazHackStan 2025” kibertəhlükəsizlik konfransında iştirak edib.
ETX-dan Finss.az -a verilən məlumta görə, konfrans çərçivəsində kibertəhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, beynəlxalq təcrübə mübadiləsi, yeni tendensiyaların müzakirəsi və qabaqcıl texnologiyaların təqdimatı istiqamətində faydalı müzakirələr aparılıb.
Tədbirə dünyanın müxtəlif ölkələrindən 6000-dən çox iştirakçı qatılıb. Bu iştirak kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsinə, uğurlu təcrübələrin paylaşılmasına və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verib.
Qeyd edək ki, “KazHackStan” Mərkəzi Asiyanın ən böyük praktik kibertəhlükəsizlik konfransıdır. Tədbir Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin İnformasiya Təhlükəsizliyi Komitəsi və Kiberhücumların Təhlili və Araşdırılması Mərkəzi (TSARKA) tərəfindən birgə təşkil olunur.
Hər il keçirilən bu konfrans aparıcı ekspertləri, innovatorları, biznes nümayəndələrini və dövlət rəsmilərini bir araya gətirərək informasiya təhlükəsizliyi sahəsində dialoqu təşviq edir, ən son tədqiqatların müzakirəsini aparır və innovativ həllərin təqdimatını təmin edir.


