Finss.az - İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, i.e.d., professor Vüsal Qasımlı ETN İdarəetmə Sistemləri İnstitutunun "İqtisadiyyatın qeyri-səlis modelləri" laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü, i.e.d., professor, İspaniya Kral Akademiyasının akademiki Qorxmaz İmanovu və İdarəetmə Sistemləri İnstitutunun "Sosiаl-iqtisаdi proseslərin modelləşdirilməsi" laboratoriyasının müdiri, i.e.d., professor Yadulla Həsənlini qəbul edib.
Professor Vüsal Qasımlı “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində müəyyənləşdirilmiş əsas hədəflər, eləcə də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən dövlət proqramlarının icrasının monitorinqi və qiymətləndirilməsi üçün tətbiq olunan rəqəmsal alətlər və həllər barədə qonaqları məlumatlandırıb. Görüş zamanı əsas diqqət sosial-iqtisadi inkişaf proqramlarında süni intellektin və qeyri-səlis məntiq nəzəriyyəsinin tətbiqi perspektivlərinə yönəlib. Professor Qorxmaz İmanov qeyd edib ki, qeyri-səlis məntiqin tətbiqi, xüsusilə qeyri-müəyyənlik şəraitində daha dəqiq və çevik qərarların qəbuluna imkan verir və bu yanaşma sosial-iqtisadi strategiyaların effektivliyini əhəmiyyətli dərəcədə artıra bilər. O, həmçinin süni intellekt alətlərindən istifadə etməklə makroiqtisadi göstəricilərin proqnozlaşdırılması, risklərin qiymətləndirilməsi və siyasət seçimlərinin səmərəliliyinin təhlili sahəsində birgə fəaliyyətlərin faydalı olacağını vurğulayıb.
Qonaqlar İİTKM-in sosial-iqtisadi inkişaf sahəsində həyata keçirdiyi təşəbbüsləri yüksək qiymətləndirərək bu istiqamətdə gələcək əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildiriblər. Professor Vüsal Qasımlı görüş zamanı səsləndirilən təşəbbüsləri məmnunluqla qarşılayaraq, bu ideyaların elmi yanaşmalarla zənginləşdirilmiş konkret layihələrə çevriləcəyinə və əməkdaşlığın qarşılıqlı faydalı nəticələrlə davam etdiriləcəyinə inamını bildirib.


