Finss.az - Bu ilin may ayında Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti 79,25 MB/s-ə çataraq ölkənin qlobal reytinqdə bir pillə irəliləməsinə səbəb olub. "Speedtest Global Index"ə əsasən, Azərbaycan 153 ölkə arasında 87-ci yerdə qərarlaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə (39,48 MB/s) təxminən iki dəfə yüksəkdir.
Sabit internet üzrə reytinqə 372,02 MB/s göstərici ilə Sinqapur liderlik edir. Siyahının son pilləsində isə 3,19 MB/s ilə Suriya yer alıb.
Mobil internet üzrə isə may ayında Azərbaycanın orta sürəti 73,83 MB/s olub və bu göstərici ölkənin 103 ölkə arasında 57-ci pilləyə geriləməsinə səbəb olub. Əvvəlki ayla müqayisədə iki pilləlik eniş qeydə alınıb. Mobil internetdə ən yüksək sürət 539,84 MB/s ilə Birləşmiş Ərəb Əmirliklərinə, ən aşağı göstərici isə 13,45 MB/s ilə Boliviyaya məxsusdur.
Bakı şəhərində sabit internetin sürəti 78,86 MB/s olub və bu göstərici ilə paytaxt 196 şəhər arasında 115-ci yerdə qərarlaşıb. Ötən aya nisbətən Bakı bir pillə geriləyib. Şəhərlər üzrə lider Lion (Fransa) olub – 349,44 MB/s.
Mobil internetdə isə Bakı 90,88 MB/s göstərici ilə 148 şəhər arasında 84-cü olub. Bu da əvvəlki ayla müqayisədə bir pilləlik geriləmə deməkdir. Reytinqin ilk pilləsində Ər-Rayyan (Qətər) – 594,88 MB/s, son pilləsində isə La Paz (Boliviya) – 10,12 MB/s qərarlaşıb.